WSJ Priqojinin qətlinin təşkilatçısını açıqladı. Putin etiraz etməyib

“Vaqner” ÖHŞ-nin təsisçisi Yevgeni Priqojinin təyyarə qəzasında öldürülməsi Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev tərəfindən təşkil olnmuşdur. “The Wall Street Journal” Qərb kəşfiyyat xidmətlərinin nümayəndələri və Rusiya kəşfiyyatının keçmiş zabitinə istinadən belə bir iddia ilə çıxış edib.

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, Patruşev hələ 2022-ci ilin yayında Vladimir Putinə Priqojinin artan nüfuzu ilə bağlı xəbərdarlıq etməyə başlayıb. Lakin həmin vaxt Rusiya prezidenti xəbərdarlıqlara məhəl qoymayıb, çünki “Vaqner” döyüşçüləri Ukraynadakı müharibədə uğur qazanırdılar.

Keçmiş Rusiya kəşfiyyatçısı iddia edir ki, vəziyyət 2022-ci ilin oktyabrında Priqojin Putinə zəng vurduqdan və sursat çatışmazlığından “kobudcasına” şikayət etdikdən sonra dəyişib. Bu söhbəti Patruşev eşidib və Putini Priqojindən uzaqlaşmağa inandırmaq üçün istifadə edib. Təhlükəsizlik Şurasının katibinin fikrincə, “Vaqner” ÖHŞ-nin təsisçisi təhlükəli olub və Kremlə hörmətsizlik edib.

“Vaqner” ÖHŞ-nin təsisçisi Yevgeni Priqojin

WSJ qeyd edir ki, 2022-ci ilin dekabrına qədər “Patruşevin qalib gəldiyi məlum olub”. Putin Priqojinin sursat çatışmazlığı ilə bağlı açıqlamalarına məhəl qoymayıb, həmçinin “Vaqner” ÖHŞ-nin yaradıcısının zənglərinə cavab verməyib.

23 iyun 2023-cü ildə Priqojin üsyan qaldırdı. Nəşr qeyd edir ki, bu anda Patruşev “hakimiyyəti öz əlinə aldı”. “The Wall Street Journal”ın yazdığına görə, Təhlükəsizlik Şurasının katibi Priqojini üsyanı dayandırmağa inandırmaq üçün ona dayanmadan telefon zəngləri etməyə başladı. O, “Vaqner”in yaradıcısına rəğbət bəsləyən zabitlərə də zəng edib.. Priqojin özü Kremldən gələn zənglərə cavab verməyib.

Patruşev Aleksandr Lukaşenkoya və Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə əlaqə saxlayıb - o, münaqişənin həlli üçün vasitəçilər axtarırdı. WSJ həmsöhbətləri iddia edirlər ki, Tokayevə edilən zəng ən pis ssenaridən sığorta idi. Güman edilirdi ki, Rusiya ordusu Priqojinin muzdlularını saxlaya bilməsə, Qazaxıstan 2022-ci ilin yanvarında KTMT qüvvələrinin tərkibində öz ordusunu Rusiyaya göndərəcək. Lakin, WSJ mənbələri iddia edir ki, Tokayev bu ssenaridən imtina edib.

Keçmiş Rusiya kəşfiyyatçısının sözlərinə görə, avqustun əvvəlində, “Vaqner”in üsyanı artıq bitəndə və Priqojinin Belarusa “getməli” olduğu vaxt Patruşev köməkçisinə “Priqojini aradan götürmək üçün” əməliyyat hazırlamağa başlamağı əmr edib. Qərb kəşfiyyat orqanlarının nümayəndələri iddia edirlər ki, Putinə bu planlar sonradan göstərilib və o, etiraz etməyib.

Avqustun 23-də Priqojin uçmazdan əvvəl Moskva hava limanında təyyarəsinin yoxlanılmasını gözləyib. Qərb kəşfiyyat xidmətlərindəki mənbələrə görə, məhz bu an təyyarənin qanadının altına kiçik bomba qoyulub.

Priqojinin şəxsi “Embraer Legacy 600” təyyarəsi Moskvadan havaya qalxdıqdan az sonra Tver vilayətində qəzaya uğrayıb. Priqojin və “Vaqner” ÖHŞ-nin komandiri Dmitri Utkin də daxil olmaqla, təyyarədə olan 10 nəfərin hamısı həlak olub. Priqojinin təyyarədə olması barədə xəbərlər dərhal mediada yayılıb, lakin Rusiya İstintaq Komitəsi onun ölümünü yalnız avqustun 27-də rəsmən təsdiqləyib.

Kreml Priqojinin ölümündə iştirakını təkzib edib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Putinin Priqojinin təyyarəsinin məhv edilməsi əmrini şəxsən verdiyi barədə deyilənləri “tam yalan” adlandırıb.

Oktyabr ayında “Valday” diskussiya klubunun iclasında çıxış edən Putin deyib ki, ekspertlər həlak olan təyyarə sərnişinlərinin cəsədlərində əl qumbaralarının parçaları tapıblar. “Təyyarəyə heç bir kənar təsir olmayıb, bu, artıq müəyyən edilmiş faktdır, İstintaq Komitəsinin apardığı ekspertizanın nəticəsidir”, - deyə o bildirib.

İstintaq Komitəsi yol hərəkəti təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarını pozma maddəsi ilə cinayət işi açıb, lakin Priqojinin təyyarəsinin qəzaya uğramasının səbəbləri ilə bağlı rəsmi versiya hələ də açıqlanmayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ