Fələstinin HƏMAS radikal hərəkatı hərbi əməliyyatlar zamanı girovların dəyişdirilməsi ilə bağlı hər hansı danışıqlardan imtina edib.
“Reuters” xəbər verir ki, bu barədə hərəkatın xarici əlaqələr şöbəsinin rəhbəri Basem Naim bildirib.
“Biz mövqeyimizi bir daha təsdiqləyirik və İsrail tərəfindən davam edən hərbi əməliyyatlar şəraitində əsirlərin mübadiləsinə dair hər hansı formada danışıqlar aparmaqdan qəti şəkildə imtina edirik”, - deyə o vurğulayıb.
Eyni zamanda, Naim qeyd edib ki, HƏMAS hərbi əməliyyatların dayandırılmasına və Qəzza zolağına humanitar yardımların çatdırılması üçün keçid məntəqələrinin açılmasına töhfə verən istənilən təşəbbüsə açıqdır.
Bundan əvvəl İsrail prezidenti İsaak Hersoq Qəzza zolağında humanitar fasilə və HƏMAS-ın saxladığı qalan girovların azad edilməsi naminə İsrailin yenidən atəşi dayandırmağa hazır olduğunu bildirib.