Ermənistanın sülh sazişinə dair noyabrın sonunda təqdim etdiyi təkliflər paketində müsbət irəliləyiş müşahidə olunur.
Bunu xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat konfransında deyib.
“Noyabr ayının sonunda biz 70 günlük fasilədən sonra nəhayət ki, Ermənistandan sülh müqaviləsi ilə bağlı növbəti təkliflər paketini qəbul etmişdik. Təbii ki, mən onun mahiyyətinə varmaq istəməzdim. Hazırda onun üzərində iş gedir. Qısa olaraq onu qeyd etmək istərdim ki, bu sənədlər paketinə, bu təkliflər paketinə nəzər salanda görürük ki, bundan öncə təklif olunan təkliflər paketinin birə-bir təkrarlanması deyil. Burada bəlli bir müsbət irəliləyiş müşahidə olunur. Bütün bu faktorları biz nəzərə alaraq bir nikbinlik var, ancaq eyni zamanda burada mən hər hansı bir vaxt səsləndirmək istəməzdim. Hesab edirik ki, bu addımlarla biz çox vacib, çox mürəkkəb məsələni, neqativ tarixi keçmişi olan bir məsələni addım-addım irəli apara bilərik. Azərbaycan tərəfinin yanaşması burada aydındır, biz dəfələrlə bəyan etmişik. Ermənistan yalnız öz istəklərini deyil, Azərbaycanın legitim maraqlarını, tarixi ədaləti və beynəlxalq hüquqa hörmət etməyi sərgiləyərsə düşünürəm ki, müsbət nəticələr əldə etmək mümkündür”, - nazir deyib.