1920-1950-ci illərdə repressiyaya məruz qalmış vətəndaşların ümumi sayı 400 min nəfərdən artıq olub, bundan başqa yarım milyon insan ölkə ərazisindən sürgün ediliblər.
Buta.media xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətində “Siyasi qurbanların xatirəsi muzeyi”nin açılış tədbirində çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev deyib.
Onun sözlərinə görə, 1920-ci ilin may ayından 1921-ci ilin əvvəlinədək “AzÇEKA” kimi tanınan Fövqəladə Komissiyası tərəfindən 40 min soydaşımız öldürülüb. 1934-1938-ci illərdə Daxili İşlər Xalq Komissarlığı tərəfindən 80 mindən artıq şəxs güllələnmə cəzasına məhkum edilib. Təkcə 1937-ci ildə Azərbaycanda 22 xalq komissarı, 49 rayon partiya komitəsinin katibləri, 29 rayon İcraiyyə komitəsinin sədrləri, 57 zavod və mədən direktorları, 95 mühəndis, 110 hərbi qulluqçu, 207 partiya və həmkarlar ittifaqı işçiləri, 8 professor həbs edilib, əksəriyyəti güllələnib:
"Ötən əsrin 20-ci illərindən başlayaraq ardıcıl olaraq “AzÇEKA” kimi tanınan Fövqəladə Komissiyanın, “NKVD” adı ilə qorxu və vahimə hissləri oyadan Daxili İşlər Xalq Komissarlığının yerləşdiyi bu binada “Siyasi Repressiya Qurbanları Muzeyi”nin yaradılması tarixin tələbidir.
Dahi Öndər Heydər Əliyevin Azərbaycan xüsusi xidmət orqanlarının tarixində silinməz qara ləkə kimi qiymətləndirdiyi 1920-1950-ci illərdə bu qalın divarlar arxasında xalqımızın minlərlə övladlarına “xalq düşməni”, “Vətən xaini” damğası vurularaq, görkəmli ziyalı və mütəfəkkirlər, elm və mədəniyyət xadimləri fiziki və mənəvi məhvə məruz qalıblar.
Düşünülmüş surətdə təhlükəsizlik orqanlarında, xüsusən də ölüm hökmləri çıxaran üçlüklərin tərkibində yerləşdirdirilən erməni daşnakları tərəfindən millətimizin qabaqçıl simaları, sözün əsl mənasında işıqlı və aydın insanları imperiyanın qaçılmaz ölüm və sürgünlərinə məhkum edilib, neçə-neçə nəsillərin ən layiqli nümayəndələri yaşayıb-yaratmaq imkanından məhrum olunublar".
Virtualaz.org