Azərbaycanla Ermənistan arasında hərbi əsirlərin mübadiləsi nə vaxt baş tutacaq?

Azərbaycan Prezidenti Administrasiyası və Ermənistan Baş Naziri Aparatının dekabrın 7-də açıqlanan birgə bəyanatında göstərilən razılaşmalardan biri hələ də yerinə yetirilməyib - Azərbaycanda saxlanılan 32 erməni əsgərinin Ermənistanda saxlanılan iki azərbaycanlı hərbçi ilə dəyişdirilməsi.

Nəzərə alsaq ki, Azərbaycanla Ermənistan arasında əsirlərin mübadiləsinə dair üçüncü tərəflərin iştirakı ilə əvvəlki razılaşmalar dərhal həyata keçirilib, bu məsələ ətrafında qızğın müzakirələr yaranıb. Erməni mediası iddia edir ki, “son razılaşmanın həyata keçirilməsində bəzi maneələr var”.

Bu gün Ermənistan parlamentində jurnalistlər spiker Alen Simonyana və hakim partiyanın bəzi deputatlarına suallar veriblər.

“Mənim maneələr barədə məlumatım yoxdur. Deyə bilərəm ki, razılıq əldə olunub və biz əsirlərin geri qaytarılmasını gözləyirik”, – hakim “Mülki Müqavilə” partiyasından olan deputat Vaqarşak Akopyan bildirib.

“Prosesin ləngiyib-ləngimədiyini söyləmək üçün dəqiq məlumatım yoxdur. Mübadilə gecikməyə də bilər, başqa müddətlər var. Razılıq əldə olunub və hər iki tərəfdən bəyanatlar verilib. Mən heç bir dəyişiklik olacağını düşünmürəm”, - deyə deputat əlavə edib.

Alen Simonyan bildirib ki, “onlar razılaşmanın icrasını gözləyirlər”: 

“Gözləyirik, düşünürəm ki, tezliklə məlumat olacaq. Razılıq əldə olunub, dəyişiklik yoxdur, iş gedir”.

Hakim “Mülki Müqavilə” partiyasından olan digər deputat Gevorq Papoyan da bildirib ki, sazişin icrasının hansı mərhələdə olduğunu bilmir.

“32 məhbusun qaytarılması prosesinin hansı mərhələdə olduğu barədə məlumatım yoxdur. Bunun üçün konkret tarix yoxdur”, - Papoyan bildirib. Deputat təxmin edib ki, “proses eyni vaxtda olacaq: yəni 32 erməni əsir gələcək, iki azərbaycanlı isə gedəcək”.

Onun sözlərinə görə, Azərbaycanla danışıqlar davam edir: gələcəkdə Ermənistanın digər hərbi qulluqçularının geri qaytarılması ilə bağlı razılaşma istisna edilmir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ