Azərbaycan Bakıda olacağı müddətdə “Arsenal” klubunun futbolçusu Henrix Mxitaryanın təhlükəsizliyinə tam zəmanət verir.
Buta.media xəbər verir ki, bu haqda Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov CNN-ə verdiyi müsahibədə danışıb.
Amerika telekanalının jurnalisti Azərbaycanın Mxitaryanın təhlükəsizliyinə daha çox zəmanət verməyə hazır olub-olmadığını soruşub. Nazir Azərbaycanın bütün mümkün zəmanətləri verdiyini vurğulayıb.
“Başqa nə etməliyik ki? Dalınca F-16 qırıcılarının müşayiəti ilə şəxsi təyyarə göndərməliyik? Bundan başqa nə edə bilərik axı?”, - deyə nazir bildirib.
A.Rəhimov Mxitaryanın Bakıya gələcəyi təqdirdə təhlükəsizliyinin tam təmin olunacağı ilə bağlı bütün sənədlərin həm UEFA, həm də futbolçunun çıxış etdiyi “Arsenal” futbol klubuna göndərildiyini diqqətə çatdırıb.
“Azərbaycan hökumətinin, həmçinin, Azərbaycan Futbol Federasiyaları Assosasiyası və təhlükəsizliyə cavab verən bütün dövlət orqanlarının adından zəmanət məktubu göndərmişəm”, - deyə nazir əlavə edib.
O, həmçinin, qeyd edib ki, Mxitaryana şəxsən təhlükəsizliklə bağlı zəmanətlərin çatdırılması üçün onun Azərbaycan səfirliyi ilə əlaqə yaratması təklif edilsə də, futbolçu müraciət etməyib.
Bakıya gəlmək istəyən digər erməni əsilli futbol azarkeşlərinə gəlincə, nazir Azərbaycanın heç vaxt azarkeşlərin ölkədə keçirilən beynəlxalq miqyaslı idman tədbirlərində iştirakına əngəl yaratmadığını dilə gətirib.
“Erməni əsilli istənilən şəxs Azərbaycana viza almaq üçün sorğu göndərə bilər”, - deyə o əlavə edib.
Xatırladaq ki, UEFA Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.
Bundan əvvəl “Arsenal” klubu erməni futbolçu Henrix Mxitaryanı “Çelsi”yə qarşı matça Bakıya gətirməyəcəyini bəyan edib.
“Biz Mxitaryanla bağlı bütün variantları nəzərdən keçirmişik, onunla və ailəsi ilə danışıqlar aparmışıq. Keçirilən görüşdən sonra qərar aldıq ki, o, final oyununda oynamayacaq. Biz artıq bu barədə UEFA-nı da məlumatlandırmışıq”, - deyə saytda dərc olunan bəyanatda deyilib.