Zəlzələdən sonra bəzi məktəblərdə şagirdlər evə buraxılıb

Bu gün səhər saatlarında Azərbaycanda güclü zəlzələ baş verib. 

“Qafqazinfo” xəbər verir ki, zəlzələ məktəblərdə dərs saatlarının başlaması ərəfəsinə təsadüf edib. Bundan sonra bəzi məktəblərdə şagirdlər evə yola salınıb.

Bu addımın uşaqlar arasında təşviş yaranmaması, onların özünü narahat hiss etməməsi səbəbindən atılması bildirilib. Bir neçə məktəbdə isə dərslər proqrama uyğun olaraq davam etdirilir. 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən saytımıza bildirilib ki, dekabrın 7-də Azərbaycanda baş vermiş zəlzələ zamanı paytaxtdakı təhsil müəssisələrində fövqəladə hallarla bağlı davranış qaydalarına uyğun olaraq, təkan hiss olunan ərazilərdə müəllim və şagird kollektivinin uyğun vaxt ərzində həyətdə öncədən müəyyən edilmiş, binadan aralı Toplanış məntəqələrində toplanması təmin olunub.

Təhsil müəssisələrinin rəhbərliyi tərəfindən uşaqlara, şagird və valideynlərə həyəcanlanmamaq və əlavə narahatlığa yol verməmək tövsiyə olunub.

Bununla belə bəzi təhsil müəssisələrində valideynlər şəxsi narahatlıqları səbəbindən könüllü olaraq övladını götürüblər.

Qeyd edək ki, hazırda paytaxtdakı təhsil müəssisələrində tədris prosesi davam edir. Heç bir təhsil müəssisəsində dağıntı halı qeydə alınmayıb.

Qeyd edək ki, maqnitudası 5,6 olan zəlzələ Bakıda və bir sıra şəhərlərdə hiss olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ