Xalq artisti Flora Kərimova Nəsiminin “Sığmazam” qəzəlinə mahnı oxuyan və tənqidlərə məruz qalan Afət Fərmanqızı barədə açıqlama verib.
Buta.media xəbər verir ki, ötən gün “Hüseynova bacıları” verilişində qonaq olan sənətçi Afətə ifasına görə ağır sözlər deyib:
“Vətəni ürəklə sevib, ağılla qorumaq lazımdır. O xanım böyük qəbahət etdi. Azərbaycan musiqisini, onun ləyaqətini ayaqlar altına atdı. İnsanları çaşdırdı. Qulaq asdığım, hörmət etdiyim sənətçiləri özlərinə əl çaldırdı. Millət, əvvəlcə tənqid, sonra təhqir etdi. Əcəb etdi. Afət, sən özünə necə sığışdırırsan? Sən kimə sataşırsan, sənin qəhrəmanının, simanın dərisini soyurlar, sən isə belə oxuyursan”.
Sözügedən açıqlamadan sonra A. Fərmanqızı instaqramda Kərimovanın “Qaynana 2” filminin çəkilişi zamanı vannada çəkilən şəklini paylaşaraq tənqidə cavab verib:
“Bu xanım yaxın günlərdə Faiq Ağayevə sənəti yoxdur dedikdən sonra məni tənqid etməyə başlayıb. Faiq bəy onunla duet oxuyan vaxtı artıq sənətkar idi. Əziz və hörmətli müğənnimiz, bu vannadakı şəklinizi görəndən sonra ağlım başımdan çıxdı. Bir də ayıldım ki, qəzəli hind melodiyası ilə oxumuşam. Qısacası, günah sizdədi. Siz bu vannaya uzanmasaydınız, mən də qəzəli o cür oxumazdım. Mənim belə şəklim olsa, vannamı başıma aşırtmışdınız”.