REAL Partiyasının üzvləri paytaxtın İstiqlaliyyət küçəsindəki Xalq Cümhuriyyəti abidəsini mayın 26-da ziyarət edəcəklər.
Buta.media xəbər verir ki, bu barədə partiyanın sədri İlqar Məmmədov sosial şəbəkədə yazıb. O qeyd edib ki, razılığın əldə olunması üçün Bakı Şəhər Baş Polis İdarəsində görüşdüyü şəxslər İctimai Təhlükəsizlik İdarəsinin rəisi Nurulla Məmmədxanov və İstintaq İdarəsinin rəis müavini Fazil Zərbəliyevlə görüşüb:
“Görüşdə Xalq Cümhuriyyətinin anılması ilə bağlı fikir mübadiləsi apardıq. Mənə müəyyən təhlükəsizlik ehtimalları və məlumatları təqdim olundu. Öz tərəfimdən bildirdim ki, xarici futbol fanatlarının əylənmək haqqı bizim vətəndaşların Xalq Cümhuriyyətini anmaq haqqından üstün tutulması millətimizdə düzgün addım kimi qəbul edilə bilməz.
Gəldiyimiz nəticə o oldu ki, bu ilin xüsusi şəraitini nəzərə alaraq, Cümhuriyyətin həmişə olduğu qaydada dinc və təhlükəsiz şəkildə Respublikaçı Alternativ tərəfindən İstiqlaliyyət küçəsindəki abidə qarşısında anılması 26 May tarixinə təyin edilərsə, polis bunun təhlükəsizliyini təmin edəcək.
REAL İdarə Heyətinin münasibətini öyrənəndən sonra, BŞBPİ təmsilçisi Fazil Zərbəliyev ilə telefon söhbətimdə mayın 26-də saat 12:00-da birbaşa İstiqlaliyyət küçəsindəki abidə önünə gəlib 15-20 dəqiqə ərzində gül qoyub Xalq Cümhuriyyətini anacağımızı bildirdim. Bu vaxtın və qaydanın BŞBPİ üçün münasib olduğunu ondan eşitdim. Qarşı tərəf iştirakçıların mümkün sayına dair də fikir mübadiləsi açdı, amma buna bizim təsir edə bilmədiyimizi anlayır deyə, bu söhbət tamamlanmamış qaldı.
Beləliklə, REAL həmişəki kimi dinc şəkildə Xalq Cümhuriyyətinin xatirəsini anacaq. Niyyətimiz xoş, dinc, qanunidir və polislə razılaşdırılıb”.