Vətəndaş pensiya yaşına çatmasa: yığılan kapitalın aqibəti necə olur?

İnsanlar işləyirlər və bunun müqabilində aldıqları məvaciblərdən vergi tutularaq pensiya kapitalına yönəldilir.

İndiyədək qadınlar 63 yaşından pensiyaya çıxa bilirdilərsə, 2023-cü ilin iyulun 1-dən etibarən bu yaş həddi 63,5 yaşa qaldırılıb.

Qeyd edək ki, bu artım hər altı aydan bir olur.

Belə ki, kişilərin yaş həddinin hər il altı ay artırılması 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək davam etdi. Amma qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il altı ay artırılacaq.

2027-ci ildə kişi və qadınlar üçün yaş həddi eyni - 65 - olacaq.

Bəs sual olunur, pensiya kapitalı yığılmış şəxs pensiya yaşından əvvəl vəfat edərsə, həmin məbləğin aqibəti necə olur?

Yaxud vətəndaş vəfat etdikdə həmin pensiya kapitalı haraya yönləndirilir? Varislər ölən şəxsin pensiya kapitalını ala bilərlərmi?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə Əlaqələr Departamentinin müdiri Rəşad Mehdili Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, vətəndaşın fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalından qanunvericiliyə uyğun olaraq yalnız pensiya məqsədləri üçün istifadə oluna bilər:

“Yəni vətəndaşın xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarından istifadə sosial sığorta hadisəsi baş verdikdə, məsələn, pensiya yaşına çatdıqda, əlilliyi müəyyən edildikdə, ailə başçısını itirdikdə və sair həyata keçirilir. Qanunvericiliyə görə, vətəndaş pensiya yaşına çatmayıbsa və ya bu yaşa çatanadək əlilliyi müəyyən edilməyibsə, fərdi şəxsi hesabında toplanmış pensiya kapitalından istifadə edə bilmir.

Həmin şəxs vəfat etdiyi, yaxud həlak olduğu halda toplanmış pensiya kapitalı onun öhdəsində olan ailə üzvlərinə - 18 yaşınadək (əyani təhsil alan 23 yaşınadək) övladlarına, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladlarına, pensiya yaşına çatmış, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ata və anasına, ərinə və ya arvadına, səkkiz yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxan və işləməyən şəxslərə (valideynlərindən biri, əri (arvadı), babası, nənəsi, qardaşı, bacısı) ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərək ödənilir.

Göründüyü kimi, şəxsin topladığı pensiya kapitalı o, dünyasını dəyişdiyi halda ailə üzvlərinin sosial təminatı üçün istifadə olunur. Pensiyalarda hər ilin əvvəlində indeksasiya nəticəsində edilən artımlar qeyd edilən bu pensiyalara da şamil olunur”.

R.Mehdili əlavə edib ki, vətəndaşın fərdi hesabında toplanan pensiya kapitalı ona qanunvericiliklə müəyyən edilmiş qaydada yalnız pensiya şəklində ödənilir.

Deputat Vüqar Bayramlı açıqlamasında qeyd edib ki, pensiya kapitalının istifadəsi ilə bağlı təkliflər verilib:

“Bu kapitaldan istifadə və onun bir hissəsinin varisə keçməsi ilə bağlı təkliflərin müzakirəsi, bu istiqamətdə addımlar atılması məqsədəuyğun olardı. Təklif olunur ki, bir sıra inkişaf etmiş ölkələrdə olduğu kimi, minimum pensiya kapitalının məbləği ilə yanaşı, orta pensiya kapitalı anlayışından da istifadə olunsun. Orta pensiya kapitalından çox pensiya kapitalı alan vətəndaşlar həmin vəsaitdən mərhələli şəkildə istifadə etmə hüququna malik olsunlar.

Məsələn, minimum pensiya kapitalı 40 min, orta pensiya kapitalı 80 min manat ola bilər. 80 min manatdan artıq yığımı olan vətəndaş artıq pensiya yaşı çatmadan o vəsaitdən istifadə edə bilər. Təbii ki, bu rəqəmlər nisbidir. Gəlirlərə uyğun olaraq, minimum və orta pensiya kapitallarının rəqəmlərini təyin etmək mümkündür. Bu, imkan verəcək ki, yığımı olan vətəndaşlar pensiyanı gözləmədən yığımdan istifadə etsinlər.

Digər təklifimiz ondan ibarətdir ki, pensiya kapitalının bir hissəsindən kredit faizlərinin, təhsil haqqının, səhiyyə və kommunal xidmətlərin ödənilməsi üçün istifadə olunsun. Bu, imkan verəcək ki, vətəndaş topladığı minimum kapitaldan artıq hissə ilə müəyyən vəsaitləri pensiya yaşı tamam olmadan istifadə etsin. Nəticədə vətəndaş pensiya kapitalından daha səmərəli şəkildə istifadə edə bilər”.

Deputat vurğulayıb ki, pensiya kapitalının varislərə ödənilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin statistikası var:

“Belə ki, nazirliyin statistikasına görə, vəfat edən pensiyaçının kapitalının üçdəbiri varislərə transfer olunur. Biz istəyirik ki, pensiya kapitalının bir hissəsi varisin pensiya kapitalına əlavə olunsun. Azərbaycanda orta pensiya müddəti 12 il təyin edilibsə, vətəndaş pensiya yaşı tamam olmadan, yaxud pensiyaya çıxdıqdan bir müddət sonra vəfat edirsə, toplanan məbləğin varisinin kapitalına keçməsi uyğun olardı. Bu, pensiya yığımına marağın artmasına, bütövlükdə məşğulluğun şəffaflığının artmasına gətirib çıxarardı”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ