İsrail Qəzza zolağında hərbi əməliyyatı bərpa edib

İsrail Müdafiə Qüvvələri HƏMAS yaraqlılarını atəşkəsi pozmaqda günahlandırıb və Qəzza zolağında hərbi əməliyyatların bərpa olunduğunu elan edib.

“HƏMAS əməliyyat fasiləsini pozaraq İsrail ərazisinə atəş açıb. İDF hərbi əməliyyatları bərpa edib”, - məlumatda deyilir.

Həmçinin qeyd olunur ki, İsrail təyyarələri Qəzza sektoruna zərbələr endirməyə başladyıb. Mətbuat xidmətindən ətraflı məlumatı daha sonra verəcəklərini bildiriblər.

Bundan az əvvəl “The Wall Street Journal” İsrail və HƏMAS-ın atəşkəsi daha bir gün uzatmağa razılaşdığını yazıb. Münaqişə tərəfləri bu məlumatı rəsmən təsdiqləməyiblər.

Bir gün əvvəl yaraqlılar razılaşdırılmış 10 girov əvəzinə 8 girovu azad ediblər. Eyni zamanda, İDF yalnız altı nəfərin Qırmızı Xaça təhvil verildiyini təsdiqləyib və İsrail Xarici İşlər Nazirliyi də azad edilmiş altı nəfərin ölkəyə çatdırıldığını bildirib.

Qətər Xarici İşlər Nazirliyi bunu onunla izah edib ki, yaraqlıların noyabrın 29-da azad etdikləri iki rusiyalı qadın - İrina Tatti və Yelena Trufanova noyabrın 30-na olan mübadilə siyahısına daxil edilib. HƏMAS daha əvvəl onların “Rusiya rəhbərliyinin tələbinə cavab olaraq” azad olunduqlarını iddia edib, İDF isə onların razılaşdırılmış siyahıdan kənar buraxıldığını bildirib.

İsrail də öz növbəsində noyabrın 30-da 30 fələstinli məhbusu azad edib.

Qəzza zolağında atəşkəs noyabrın 24-dən qüvvəyə minib. Noyabrın 27-də iki gün, noyabrın 30-da isə bir gün uzadılıb. Atəşkəs çərçivəsində HƏMAS 60-dan çox girovu azad edib. Eyni zamanda, İsrailin məlumatına görə, 160-a yaxın adam hələ də girov saxlanılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ