Müğənni Kərimin döyülməsi şou imiş - Özü vətəndaşa hücum edib

Müğənni Kərim Abbasovun döyülməsi ilə bağlı təhqiqat araşdırmalarına başlanılıb. 

Buta.media xəbər verir ki,  bu barədə ONA-nın sorğusuna cavab olaraq, Bakı şəhər Baş Polis İdarəsindən bildirilib.

Qeyd olunub ki, Kərim Abbasovun müraciəti Binəqədi Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində araşdırılır. Araşdırmalar nəticəsində hadisəni törədən şəxsin kimliyi məlum olub. Müəyyən edilib ki, o Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuş, 1984-cü il təvəllüdlü Ramazanov Elvin Cahangir oğludur. Həmin şəxs idarəyə dəvət olunub və izahatı alınıb. Hazırda fakt üzrə təhqiqat araşdırmaları davam etdirilir.

Qeyd edək ki, müğənni Kərim Abbasov sosial şəbəkədə zorakılığa məruz qalmasına dair video paylaşıb. Müğənni qeyd edib ki, ailəsi ilə birgə bağ evindən qayıdarkən avtomobil yolunda tanımadığı şəxslə mübahisə edib. Sonra həmin şəxs K.Abbasovu döyüb.

Lakin əslində məsələ Kərimin iddia etdiyi kimi sadə deyil və o da heç göründüyü kimi məsum deyil: mübahisə məhz müğənninin günahı ucbatından baş verib. Belə ki, mayın 20-də saat 17:00 radələrində "Grand Şiroki” markalı avtomobildə Binəqədi yolu ilə üzü şəhərə doğru hərəkət edən müğənni təhlükəli manevrlər edərək qəza şəraiti yaradıb. Həmin istiqamətdə hərəkət edən Elvin Ramazanov ona etirazını bildirdikdə müğənni özündən çıxıb, söyüş söyməyə başlayıb. 

Buna baxmayaraq, yanında qadın olduğundan E.Ramazanov hərəkəti davam etdirsə də müğənni sakitləşməyib. Bir xeyli təqib etdikdən sonra isə E.Ramazanovun idarə etdiyi avtomobilin qarşısını kəsərək avtomobildən düşüb, çəkiliş apara-apara ona doğru yüyürüb. Bu zaman həm də ağır söyüşlər söydüyündən Elvin əsəblərinə hakim ola bilməyib, maşından düşərək ona eyni tərzdə cavab verib və tərəflər əlbəyaxa olublar.

Müğənninin yaydığı qısa videokadrlardan da görünür ki, hücum edən tərəf özüdür. E.Ramazanov isə maşınında oturub.
Diqqət çəkən məqamlardan biri də budur ki, müğənninin yaydığı kadrlarda səs eşidilmir. Bu da təsadüfi deyil – səs verilsə kimin günahkar olduğu açıq görünə bilərdi. Çünki Kərim E.Ramazanova doğru hücum edərkən həm də ən nalayiq söyüşlərdən istifadə edirdi.

Bütün bunları hadisənin baş verdiyi ərazidəki müşahidə kameralarının yaddaşından da görmək mümkündür. Yəni hadisə məhz müğənninin yolda özünü apara bilməməsi üzündən baş versə də, o, baş verənləri şouya çevirib, sosial şəbəkələri və medianı işə qoşmaqla, qabaqdangəlmişlik edib.

Əsl həqiqət isə polisdə aparılan təhqiqatdan və ərazidəki müşahidə kameralarının yaddaşına nəzər yetirilməsindən sonra üzə çıxacaq

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ