Azərbaycanda 16 yaşına çatmayan qız ərə verilib - foto

Azərbaycanda yeniyetmə qızın ərə verildiyi iddia edilib.

Qız toyu Ağdamın Qaradağlı kəndində baş tutub.

Qızın 16 yaşı tamam olmayıb və o, öz doğma dayısı oğlu ilə evləndirilib.

Eləcə də iddia edilir ki, yetkinlik yaşına çatmayan qızın təhsil aldığı məktəbin direktoru onun evləndirilməsi ilə bağlı məsələyə etiraz edib. Məktəb direktoru narazılıq etdiyi üçün qızın valideynləri onu məktəbdən də çıxarıb. Yaxın günlərdə oğlan toyunun keçirilməsi planlaşdırılır.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı iddialara cavab olaraq Oxu.Az-a açıqlamasında bildirib ki, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları Qaradağlı kəndində yaşayan həmin ailənin evinə gediblər:

"Araşdırma zamanı şəxslərin kimliyi müəyyənləşdirilib. 2008-ci il təvəllüdlü A.T. (şərti) ilə 2001-ci il təvəllüdlü S.Q.-nin (şərti) toyunun olması iddiaları təsdiqini tapmayıb:

"Hər iki tərəfin valideynləri ilə profilaktiki söhbətlər aparılıb. Onlara qanunvericiliyin tələbləri izah olunub. Qanunla nəzərdə tutulmuş evlilik yaşına çatmayan şəxslərin evləndirilməsinin hüquqi məsuliyyət yaratdığı ailələrin diqqətinə çatdırılıb.

Yetkinlik yaşına çatmayan qızın ən qısa zamanda tədris müəssisəsinə geri qaytarılması və təhsilinə qaldığı yerdən davam etməsi istiqamətində zəruri tədbirlər görülür".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, daxil olan məlumat əsasında aidiyyəti qurumlarla birlikdə araşdırma başlanılıb:

"Araşdırmanın yekun nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ