Özünü gömrük əməkdaşı kimi təqdim edən şəxs ifşa olundu

Dövlət Gömrük Komitəsi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin birgə keçirdiyi əməliyyat nəticəsində gömrük rəsmiləşdirilməsinin tezləşdirilməsi müqabilində İran vətəndaşından qeyri-qanuni pul alan şəxs ifşa olunub.

DGK-nin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, İran vətəndaşı Camal Farjam Özbəkistandan üçüncü ölkəyə daşınması məqsədilə Azərbaycana idxal etdiyi malların gömrük rəsmiləşdirilməsinin tezləşdirilməsi müqabilində Azərbaycan Respublikası vətəndaşı F.Niyazovun ondan 9.100 ABŞ dolları məbləğində pul vəsaiti aldığını bildirib.
Ətraflı

Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə Dövlət Gömrük Komitəsi tərəfindən birgə əməliyyat-axtarış tədbirləri həyata keçirilib və Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanıb.

Dövlət Gömrük Komitəsi vətəndaşlara gömrük orqanlarının işgüzar nüfuzuna xələl gətirən bu kimi qanunsuz əməllərlə məşğul olan şəxslər barədə faktlarla rastlaşdıqda dərhal DGK-ya və ya digər hüquq-mühafizə orqanlarına məlumat vermələrini tövsiyə edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ