Oktyabrın 31-də keçirilən 2-ci liqanın “Göygöl” – “Şəki Siti" matçında qalmaqal baş verib.
Qarşılaşma 83-cü dəqiqədə baş hakim Rövşən Rəcəbov tərəfindən dayandırılıb və hakimlər briqadası oyunu tərk edib.
“Göygöl” klubu bununla bağlı sosial şəbəkə hesablarında məlumat yayıb: “80-ci dəqiqədə hakimin ədalətsiz qərarına etiraz edən futbolçumuz Vüqar Əşrəfliyə qırmızı vərəqə verilib. O, meydanı tərk edərkən hakim Rövşən Rəcəbov onu təhqir edib, idmançı şərəf və ləyaqətini alçaldan ifadələr işlədərək onu konfliktə təhrik edib. Bundan sonra tərəflər arasında mübahisə başlayıb. Daha sonra hakim Rövşən Rəcəbov oyun zamanı asayişdən məsul olan polis əməkdaşlarının təhlükəsizliyi təmin edə bilməməsini iddia edərək oyunu yarımçıq saxlayıb. Sənəddə baş hakimin kobud səhvlərə yol verdiyi qeyd edilib və onun cəzalanması, matçın yenidən təşkil edilməsinin vacibliyini bildirilib. Bununla bağlı AFFA-ya rəsmi müraciət ediləcəyi də qeyd olunub”.