Boliviya İsraillə diplomatik münasibətləri dayandırdı

Boliviya hakimiyyəti İsrail ordusunun Qəzza zolağında keçirdiyi əməliyyatla əlaqədar İsraillə diplomatik münasibətləri kəsdiyini əyan edib. Bu barədə “Reuters” məlumat yayıb.

Ölkənin xarici işlər nazirinin müavini Freddi Mamani mətbuat konfransında bildirib ki, Boliviya bu qərarı “İsrailin Qəzza zolağında davam edən təcavüzkar və qeyri-mütənasib hərbi hücumunu rədd etmək və pisləmək əlaməti” olaraq verib.

Digər iki Cənubi Amerika ölkəsi, Çili və Kolumbiya İsraildən səfirlərini məsləhətləşmələr üçün geri çağırdıqlarını açıqlayıblar. Hər üç ölkə atəşkəsə çağırıb, Boliviya və Çili hakimiyyət orqanları isə Qəzza zolağına humanitar yardımın çatdırılmasının təmin edilməsinin vacibliyini bəyan edib, həmçinin İsraili beynəlxalq hüququ pozmaqda ittiham ediblər.

Meksika və Braziliya hakimiyyəti də atəşkəsə ehtiyac olduğunu açıqlayıblar.

İsrail Xarici İşlər Nazirliyi Çili və Kolumbiyanın səfirlərinin geri çağırılması, habelə Boliviyanın diplomatik əlaqələri kəsməsi ilə bağlı bəyanatını hələlik şərh etməyib.

“Reuters” qeyd edir ki, Boliviya dünyada Qəzza zolağındakı əməliyyata görə İsraillə diplomatik münasibətləri kəsdiyini elan edən ilk ölkələrdən biridir. 2009-cu ildə Boliviyanın o zamankı prezidenti olan Evo Morales də Qəzza zolağına hücumlara görə İsraillə diplomatik əlaqələri kəsmişdi, lakin 2020-ci ildə iki ölkə arasında münasibətlər bərpa olunmuşdu.

İsrail və HƏMAS arasında hərbi münaqişə oktyabrın 7-də başlayıb. Son məlumatlara görə, İsraildə 1,4 min, Qəzza zolağında isə 8,5 min dinc sakin həlak olub. Oktyabrın 31-də İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS-la müharibənin miqyasının genişləndirilməsini nəzərdə tutan üçüncü mərhələnin başladığını elan edib. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ