Bakı-Qazax magistral yolunu nəhəng yükə görə qazdılar - video

Bakı-Qazax magistral yolunda yük maşınının nəhəng texnikanı daşıması marağa səbəb olub.

Bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

Belə ki, yük maşınının üzərindəki ağır texnikanın hündür olması nəqliyyat vasitəsinin yerüstü keçidin altından keçməsinə əngəl törədib.

Nəticədə yolun asfalt qatı təmizlənib və yük oradan keçirilib. 

Oxu.Az-ın əldə etdiyi məlumata görə, yük müstəqillik dövründə tikilən 1 280 meqavatlıq ən böyük elektrik stansiyasına aparılıb. 

Yük turbin və generatordan ibarətdir.

Qeyd edək ki, müstəqillik dövründə ən böyük elektrik stansiyası Mingəçevirdəki “Azərbaycan” İstilik Elektrik Stansiyasının ərazisində inşa edilib.

Məsələ ilə bağlı, Daxili işlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) İdarənin baş inspektoru, polis kapitanı Toğrul Nəsirli bildirib ki, sosial şəbəkələrdə yayılan həmin görüntülər dövlət əhəmiyyətli yükün daşınması zamanı qeydə alınıb:

“Bununla bağlı müvafiq icazə alınıb. Eyni zamanda, ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli yüklərin daşınmasına dair tələblər əsasında daşıma prosesi aidiyyəti qurumlarla birgə təhlükəsizlik qaydalarına riayət etməklə həyata keçirilib”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ