Endokrinoloq qalxanabənzər vəzin xəstəliyinin əsas əlamətlərini açıqladı

“Alkoqol, siqaret çəkmək, zəhərli maddələrlə nəfəs almaq qalxanabənzər vəzinin normal funksiyasını pozan amillərdir”.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, endokrinoloq Oqtay Hüseynov nazirliyin saytına verdiyi müsahibədə bildirib.

- Doktor, ilk olaraq bilmək istərdik ki, qalxanabənzər vəzi nədir və insan orqanizminin normal funksiyasına nə kimi təsir edir?

- Qalxanabənzər vəzi boynun ön hissəsində yerləşən, kəpənəyəbənzər orqandır. Qalxanabənzər vəzi endokrin sisteminin bir hissəsidir. O, bütün orqanizmin hüceyrələrinin enerji mübadiləsində iştirak edir. Qalxanabənzər vəzin sintez etdiyi hormonlar- triyodtironin (T3) və tetrayodtironindir (T4).

Qalxanabənzər vəzi metabolizm ilə yanaşı, digər orqanlara da təsir göstərir. Belə ki, beyin funksiyalarının inkişafını təmin edir. Eyni zamanda, sinir, skelet-əzələ sisteminin inkişafına, ürəyin yığılma gücü və sayına, karbohidrat metabolizminə, orqanizmin termorequlyasiyasına, tiroid hormonlara, iştaha və çəkiyə təsir göstərir.

- Qalxanabənzər vəzinin funksiyası pozulduqda orqanizmdə hansı fəsadlar müşahidə olunur?

- Qalxanabənzər vəzinin xəstəliklərindən xəbər verən bir çox simptomlar var. Bunlar vəzinin hiper və ya hipofunksiyasından asılıdır.

Vəzinin normadan çox işləməsi - hipertireoidizm, vəzinin normadan az işləməsi isə hipotireoidizm adlanır.

Hipertireoidizm - qalxanvari vəzidə T3 və T4 hormonlarının hər ikisinin və ya birinin sintezinin artmasıdır.

Hipertireoidizm, yəni vəzin hiperfunksiyası, aşağıdakı əlamətlərlə özünü büruzə verə bilər: tərləmə, əllərdə əsmə, iştahanın artması, əsəbilik, yuxusuzluq, diqqətin azalması, gözlərin bərəlməsi, ikili görmə, işığa həssaslıq, arterial təzyiqin yüksək olması, ürək ritminin pozulması - aritmiya, çəkinin azalması, ürək döyüntülərinin sayının artması, yuxuya getmədə çətinlik, saçların incəlməsi, tökülməsi və s.

Hipotireoidizm - orqanizmin kifayət qədər tireoid hormonlarını sintez edə bilməməsidir. Hipotireoidizm isə özünü aşağıdakı əlamətlərlə büruzə verə bilər: halsızlıq, qəbizlik, dəridə quruluq, çəkinin artması, üzdə, əllərdə, ayaqlarda şişkinlik, səsin batması, əzələlərdə zəiflik, oynaqlarda ağrı, cinsi zəifliyin yaranması və s.

Hipertireoidizm və hipotireoidizm əksər hallarda dərmanla müalicə edilən xəstəliklərdir. Bəzi hallarda isə bu xəstəliklərin müalicəsi cərrahi yolla həyata keçirilir.

- Qalxanabənzər vəzinin fəaliyyətinin pozulmasına hansı faktorlar təsir edə bilər?

- Qalxanabənzər vəzinin fəaliyyətinin pozulmasında bir neçə amil rol oynayır. Uzunmüddətli, xroniki streslər, toksiki maddə ilə zəngin qidalar vəzinin fəaliyyətinin pozulmasına səbəb ola bilər. Müxtəlif növ alkoqol, aktiv və passiv şəkildə siqaret çəkmək, zəhərli maddələrlə nəfəs almaq toksiki yüklənməni artırır ki, bu da qalxanabənzər vəzi üçün təhlükəlidir.

Güclü şüalanma və ya radiasiya səviyyəsinin yüksək olduğu yerdə uzun müddət qalmaq, virus (herpes, sitomeqalovirus), bakteriya (stafilokoklar, streptokoklar) və parazitlərlə yoluxma, eləcə də onlarla mübarizə vasitələri qalxanabənzər vəzinin fəaliyyətinə mənfi təsir göstərir.

- Hansı hallarda bu xəstəliklərdən əziyyət çəkənlər əməliyyat olunurlar?

- Qalxanabənzər vəzinin ölçüsü həddən artıq böyükdürsə, qidalanma və danışarkən udqunmada çətinlik törədirsə, boğulma, sıxılma, təngnəfəslik kimi şikayətlər verirsə, tiroid vəzidə olan düyünlərin kiçik olmasına baxmayaraq, bədxassəlilik riski daşıyırsa, qalxanabənzər vəzinin ölçüsünün böyük olması riskli vəziyyət yaratmadığı halda kosmetik problem yaradarsa, cərrahi müalicə seçilir.

Diffuz zəhərli ur (hipertireoidizm) - hormonların istehsalının artması ilə müşahidə olunan xəstəlik zamanı, əgər dərman müalicəsi effekt vermirsə, cərrahi müdaxilə və ya radioaktiv yod müalicəsi icra edilir.

Qalxanabənzər vəzinin xoşxassəli şişinin çox miqdarda tiroid hormonu istehsal etdiyi toksik adenoma xəstəliyində də cərrahi metodlardan istifadə olunur.

Əməliyyat üçün göstərişlərdən biri də biopsiya ilə təsdiqlənən qalxanabənzər vəzinin xərçəngidir. Erkən diaqnoz və şişin vaxtında çıxarılması ilə yaxşı nəticələr əldə edilə bilər.

- Əməliyyatdan sonra vəzinin xəstəliyi yenidən yarana bilərmi?

- Tiroid əməliyyatları boyunun ön səthində kiçik bir kəsik edilməklə aparılır. Təkrarlanan zobun əmələ gəlməsini istisna edən yeganə cərrahiyyə növü qalxanabənzər vəzinin tam çıxarılmasıdır (total tiroidektomiya). Digər hallarda xəstəliyin təkrarlanma ehtimalı var.

Bu halların qarşısını alıb, vaxtında aşkar etmək üçün xəstələri əməliyyatdan sonra daim nəzarət altında saxlamaq lazımdır. Xəstədə tireoqlobulin analizi yoxlanılmalı, həmçinin, qalxanabənzər vəzinin hormonları və ultrasəs görüntüsü izlənilməlidir. Əməliyyat zamanı və sonra edilən düzgün müalicə ilə xəstəliyin yenidən yaranma riski 1%-dən az olur.

- Uşaq və yeniyetmələrdə əməliyyat neçə yaşdan sonra məsləhət görülür?

- Uşaqlarda qalxanabənzər vəzinin xəstəlikləri, əsasən, yod çatışmazlığına görə yaranır. Yod çatışmazlığı müalicə edilməzsə, irəli yaşlarda qalxanabənzər vəzidə böyümə yaranır.

Uşaqlarda və yeniyetmələrdə qalxanabənzər vəzidə düyünlərə çox rast gəlinmir. Bədxassəli düyünlər olduqda, yaşdan asılı olmayaraq əməliyyat mütləqdir.

- Əməliyyatdan sonra nələrə diqqət etmək lazımdır?

- Əməliyyatdan sonrakı gün xəstə evə yazıla bilər. Xəstəyə heç bir qida, içki və ya hərəkət məhdudiyyəti qoyulmur. Xəstə əməliyyatdan sonra əməliyyatı icra etmiş cərrah və endokrinoloqun nəzarətində olmalıdır. Əməliyyatdan sonra xəstə həkimin təyin etdiyi vaxtlarda mütəmadi olaraq laboratoriya analizləri (tiroid vəzinin hormonları) verməli və USM-dən keçməlidirlər.

Bəzi hallarda xəstəliyin təkrarlanmasının qarşısını almaq və tiroid vəzinin itirilmiş funksiyasını kompensasiya etmək üçün tiroid hormon preparatları təyin edilir (əvəzedici hormonal terapiya). Bu dərmanlar həkim nəzarəti altında qəbul edilməlidir. Dərmanın dozasını özünüzün dəyişdirməyiniz təhlükəlidir, ona görə də vaxtaşırı endokrinoloq müayinəsinə gəlmək tövsiyə edilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ