Sumqayıtda atışma olub, ölən və yaralananlar var.
Report xəbər verir ki, hadisə 16-cı mikrorayonda yerləşən Corat bağları yaşayış massivində, fərdi yaşayış evində baş verib.
Belə ki, evə silahlı hücum zamanı ailənin 2 üzvü öldürülüb, yaralılar var. Hazırda yaralıların sayı dəqiqləşdirilir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım briqadası cəlb olunub.
Evə ov tüfəngi ilə silahlı hücum zamanı ailənin 2 üzvü - Dağbəyi Fərəcov, Suzana Karakaş hadisə yerində ölüblər.
İnsident zamanı Türkiyə vətəndaşı Sərkan Karakaş və Tərlan Fərəcova ağır yaralanıblar.
ilkin araşdırmalardan sonra qətlin münaqişə zəminində, ailəyə yaxın şəxs tərəfindən törədilməsi müəyyən edilib. Hazırda həmin şəxsin yerinin müəyyən edilərək saxlanılması istiqamətində iş aparılır.
Bildirilir ki, silahlı şəxs gecə saatlarında Sumqayıtda 16-cı mikrorayonda yerləşən fərdi yaşayış evinə gəlib. O, evə hücum edərək Dağbəyi Fərəcovu və onun qızı Suzana Karakaşı güllələyərək qətlə yetirib. Bu zaman Suzananın həyat yoldaşı Serkan Karakaş və anası Tərlan Fərəcova da güllə yarası alıb.
Qonşuluqda yaşayan və polis şöbəsində sahə müvəkkili vəzifəsində çalışan Etibar Sarıyev və atası Mehman Sarıyev də səs-küyə çıxaraq qonşularına kömək etmək istəyib. Bu zaman onlar da müxtəlif dərəcəli xəsarətlər alıb.
Dağbəyi Fərəcovun sahibkar olduğu və kafe işlətdiyi bildirilir.