WSJ: İsrail Qəzzada quru əməliyyatı təxirə salmağa razılaşıb

İsrail Birləşmiş Ştatların tələbi ilə ABŞ ordusunun Yaxın Şərqdəki bazalarının hava hücumundan müdafiəsini gücləndirə bilməsi üçün Qəzza zolağında quru əməliyyatının başlamasını təxirə salıb.

Bu barədə “The Wall Street Journal” öz mənbələrinə istinadən yazır.

Nəşrin məlumatına görə, ABŞ İsrailin Qəzza zolağında quru əməliyyatına başladıqdan sonra Amerika hərbçilərinin müxtəlif silahlı qrupların hücumuna məruz qala biləcəyindən ehtiyat edir.

Bununla bağlı Pentaqon İraq, Suriya, Küveyt, İordaniya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindəki qoşunlarını raketlərdən qorumaq üçün həftənin sonuna qədər regionda 10-a yaxın hava hücumundan müdafiə sistemi yerləşdirmək istəyir.

WSJ qeyd edir ki, İsrailin HƏMAS-la müharibəsi başlayandan bəri ABŞ hərbçiləri azı 13 dəfə hücuma məruz qalıb. Bu zərbələr nəticəsində Suriyadakı 20-yə yaxın ABŞ əsgəri, İraqda isə daha 10 hərbçi yüngül yaralanıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ