İsrail Müdafiə Qüvvələri (IDF) yaxın vaxtlarda Qəzza zolağında quru əməliyyatına başlamalıdır. Çox güman ki, bu, ölkənin hərbi tarixində yeni səhifə olacaq. Əvvəlki bir neçə onilliklər ərzində İsrail çoxsaylı rəqiblərini saxlamaq konsepsiyasını rəhbər tuturdu: eskalasiya halında, İDF hücumlardan (əsasən raket zərbələrindən) dəyən ziyanı minimuma endirdi və rəqiblərini status-kvoya qayıtmağa məcbur etdi. Son illərdə belə bir strategiya İsrail rəhbərliyi tərəfindən yanlış olaraq qəbul edildi və hərbçilər “həlledici qələbə” konsepsiyasını hazırlamağa başladılar. Cari müharibənin gedişatı Benyamin Netanyahu hökumətinə seçim qoymur: onlara sadəcə “həlledici qələbə” lazımdır. Problem ondadır ki, İsrail hazırda bu strategiyanı həyata keçirməyə hazır görünmür. Üstəlik, İsrailin qələbəsinin necə görünə biləcəyi hələ də bəlli deyil.
İsrail əməliyyatı nəticəsində HƏMAS-ı məhv etmək və “özünü Qəzza zolağında həyat üçün məsuliyyətdən azad etmək” istəyir. Bu məqsədlərə nail olmaq inanılmaz dərəcədə çətindir - əvvəlki müharibələrin təcrübəsi göstərdiyi kimi
İsrailin müdafiə naziri Yoav Qalant bildirib ki, İsrail ordusunun Qəzza zolağındakı əməliyyatı üç mərhələdən ibarət olacaq:
▪ HƏMAS infrastrukturunun məhv edilməsi. Yəqin ki, bunun üçün quru qoşunları sektora daxil olacaq və onun ərazisinin əhəmiyyətli hissəsini işğal edəcək.
▪ “Aşağı intensivlik” mərhələsi – müqavimət ocaqlarının zərərsizləşdirilməsi. Ola bilsin ki, bu, İsrail Müdafiə Qüvvələri tərəfindən işğal olunmayan ərazilərə hərbi-polis reydlərindən ibarət olacaq.
▪ Son mərhələ isə “İsraili Qəzza zolağında həyat üçün məsuliyyətdən azad edilməsidir”. Çox güman ki, sektorun tam blokadası təşkil olunacaq və onun sərhədlərində yeni maneələr tikiləcək.
Bununla belə, İsrail həm ilk, həm də son mərhələdə çətinliklər gözləyir.
Birinci mərhələ - HƏMAS-a maksimum zərər vurmaq cəhdi - müharibənin başlanğıcındakı hadisələrlə diktə edildi. İsrail Müdafiə Qüvvələri düşmən üçün ən əlverişli şəraitdə döyüşməli olacaq: Qəzza zolağına nəzarət edən qruplar uzun müddətdir ki, İsrail ordusunu küçə döyüşlərinə cəlb etməyə çalışırlar. Belə döyüşlərdə İDF ağır itkilər vermək riski ilə üzləşir. Bundan əlavə, İsrail hərbçiləri atəş gücündən istifadə etmək üçün daima vaxt və fürsət çatışmazlığı ilə üzləşəcəklər: aydındır ki, Qəzzanın mülki əhalisi arasında itkilər artdıqca İsrail rəhbərliyi də artan təzyiqlərə məruz qalacaq. Bundan əlavə, əməliyyat irəlilədikcə iki cəbhədə (Qəzzə və Livanın cənubunda), hətta üç cəbhədə (üstəlik İordan çayının qərb sahili) müharibə ehtimalı artacaq.
Əməliyyatın sonrakı mərhələləri (onlar yalnız birincisi tez uğurlu alınarsa həyata keçiriləcək) İsrailin təhlükəsizliyini kökündən yaxşılaşdıracaq şəkildə müharibədən çıxmaq cəhdidir. 15 il ərzində bunu etmək mümkün olmayıb: Qəzzada (və Livanın cənubunda) hər bir əvvəlki əməliyyat İDF-nin rəqiblərini - HƏMAS və “Hizbullah”ı yalnız siyasi cəhətdən gücləndirdi, çünki onların mövcudluğunun əsas səbəbi İsrailə qarşı olmaqlarındadır. Hətta yaraqlıların taktiki itkisi də (2008 və 2014-cü illərdə İsrail ordusunun Qəzzada keçirdiyi əməliyyatlar zamanı HƏMAS-ın başına gəldiyi kimi) “qalib” İsrailə uzunmüddətli möhlət vermir.
“Reuters” agentliyinin İsrail hərbi rəhbərliyindəki mənbələri deyirlər ki, hələlik müharibənin yaxşı başa çatması üçün heç bir plan yoxdur. “İsraili Qəzza zolağında həyat üçün məsuliyyətdən azad etmək” nə demək olduğu tam aydın deyil. İsrail Qəzzaya resursların - elektrik enerjisi, qida və digər malların tədarükünü və tranzitini həmişəlik dayandıra bilər, lakin bu, açıq şəkildə ölkənin təhlükəsizliyini artırmayacaq. Oktyabrın əvvəlindəki hadisələr göstərdiyi kimi, fiziki maneələrin yaradılması (Qəzza və Livanın cənubu ilə sərhəddə hasarın çəkilməsi, Misirə tunellərin dağıdılması, dəniz blokadası; HƏMAS və “Hizbullah” tərəfindən atılan raketlərin əksəriyyətini vurmulması) da problemi uzun müddət həll etmir. Fələstinli və livanlı yaraqlılar atəşkəsin onlara verdiyi vaxtdan bu maneələri necə aşmaq və yenidən hücuma keçmək üçün istifadə edirlər.
Beləliklə, hər şeyə baxmayaraq, İsrailin əsas problemi Qəzza zolağının gələcəyi olaraq qalır. Sektorun uzunmüddətli işğalı siyasi səbəblərdən mümkün deyil. Həmçinin, “Qəzzanın həyatı üçün məsuliyyəti” öz üzərinə götürməyə, yəni HƏMAS hökumətini İsrailə daha az radikal meylli başqa bir hökumətə dəyişməyə hazır olan insanlar yoxdur.
Və bu problem yeni deyil:
▪ İDF uzun müddətdir sektorda quru müharibədən qaçıb. Düşmən əhalinin sıx məskunlaşdığı ərazidə yerləşir, istənilən irimiqyaslı əməliyyat istər-istəməz dinc əhali arasında böyük itkilərə səbəb olacaq. Əməliyyat irəlilədikcə İsrailə beynəlxalq təzyiqlər (təkcə müsəlman ölkələrindən deyil, həm də Qərb müttəfiqlərindən) artacaq. 2008 və 2014-cü illərdə baş bu təzyiqlər nəticəsində İsrail döyüşləri dayandırmışdı.
▪ İsrail rəhbərliyi bütün müharibələrdə oxşar vəziyyətlə üzləşməli olub. Ordunun düşməni tez məğlub edə bildiyi yerlərdə həlledici qələbə mümkün olub (lakin 1956-cı il müharibəsi zamanı bu kifayət etmədi: ABŞ və SSRİ İDF-ni qısa müddətdə işğal etdiyi Sinay yarımadasını tərk etməyə məcbur etdilər). Bununla belə, İsrailin bir sıra hərbi uğurları ona gətirib çıxardı ki, birbaşa toqquşmada məğlub olan qonşu ölkələr proksi müharibə taktikasına əl atmaq qərarına gəldilər. Onlar artıq İsrailə qarşı özləri döyüşmürlər - bunu öz döyüşlərində terror üsullarından istifadə edən qrupların əlləri ilə edirlər.
▪ İsrail uzun illərdir ki, bu qruplarla müharibə aparır, atəşkəslər və “sülh prosesləri” ilə kəsilir. HƏMAS və digər təşkilatların yaraqlıları İDF-nin ərəb ölkələrinin nizami ordularına qarşı tətbiq etdiyi müharibə üsullarından yan keçə bildilər. İsrail son nəticədə əsas üstünlüklərini itirdi: atəş gücü, dəqiq silahlar, manevr, kəşfiyyat və nəzarət vasitələri. Bütün bunlar yeni şəraitdə qələbəyə zəmanət vermir. Əvvəllər hava dəstəyi ilə zirehli tanklar vasitəsilə zərbələr İDF-ə qarşı çıxan nizami orduların dağılmasına səbəb olurdu. Ərazilərə terror və raket hücumlarından istifadə edən, qalan vaxt isə bunkerlərdə və tunellərdə gizlənən qruplara qarşı müharibədə bu ənənəvi üsullar o qədər də təsirli deyil.
▪ 2012-ci ildən İsrail tədricən düşmənləri “çəkindirmə” strategiyasına keçdi. Raket hücumlarının effektivliyini demək olar ki, sıfıra endirən Dəmir Qübbə müdafiə sisteminin batareyaları işə salındı. Livan və Qəzza ilə sərhədlərdə müşahidə sistemləri (avtomatik sistemlər də daxil olmaqla) və kiçik hərbi bazalar şəbəkəsi də quruldu. Bütün bunlar kiçik terrorçu qrupların hücumlarının qarşısını almalı idi.
▪ 2021-ci ildə HƏMAS ilə müharibənin qısa eskalasiyası zamanı İDF quru əməliyyatından yayınmağa müvəffəq oldu: Dəmir Qübbə Qəzzadan atılan raketlərin əhəmiyyətli bir hissəsini tutdu - yaraqlılar kütləvi atışlarla İsrailin raketdən müdafiə sistemini yarıb keçə bilmədilər.
▪ Lakin bundan əvvəl də İsrail hərbi rəhbərliyi passiv müdafiə və çəkindirmənin ehtimal olunan məğlubiyyətə aparan yol olduğunu qəbul edirdi. Nə hava qüvvələri, nə də Dəmir Qübbə tək başına müharibə qazana bilməz. 2008 və 2014-cü illərdə Qəzzaya taktiki cəhətdən uğurlu, lakin strateji baxımdan uğursuz yerüstü hücumları göstərdi ki, İDF-nin, sadəcə olaraq, həlledici qələbəni tez bir zamanda əldə etmək üçün lazım olan sistemləri yoxdur.
▪ Bunu dərk edən İsrail hələ 2021-ci il müharibəsindən əvvəl Qəzzada, Livanda və istənilən başqa yerlərdə quru əməliyyatlarını yeni konsepsiya və ordunun dərin islahatı əsasında planlaşdırmağa başladı.
İsrailin yeni hərbi konsepsiyasının qısa xülasəsi: quru qüvvələri, hava qüvvələri və donanmanı əhatə edən sürətli müharibə. Plan yaxşıdır - amma hələlik bu, sadəcə nəzəriyyədir
▪ İDF-nin yeni əməliyyat konsepsiyasına (“Həlledici Qələbə” adlanır) görə, iki təşkilat - Livanda “Hizbullah” və Qəzza zolağında HƏMAS təkcə terrorçu qiyamçı qruplar deyil, tam hüquqlu “şəbəkələşmiş terrorçu orduları” hesab edilir. Onlarla effektiv mübarizə aparmaq üçün İDF kəşfiyyat, komanda-nəzarət və dəqiq silahlardakı güclü tərəflərindən istifadə etməlidir.
▪ İsrail ordusu, onun silah alışı və ölkədəki mülki-hərbi münasibətləri elə islahat edilməlidir ki, ordu quru qoşunları, hava qüvvələri və dəniz qüvvələrindən istifadə edərək HƏMAS-ın və ya digər düşmənin bütün gizli atəş mövqelərini tez bir zamanda məhv etmək imkanına malik olsun. Yaradılan yeni İDF bölmələri (konsepsiyanın həyata keçirilməsi çərçivəsində) HƏMAS-la təmasa girməli, yaraqlıları öz atəş silahlarını və mövqelərini - reaktiv yaylım atəşi sistemlərini, tunelləri, mobil bölmələri aşkar etməyə məcbur etməlidir. Onların hamısı qabaqcıl döyüş sahəsində müşahidə alətlərindən istifadə etməklə dərhal müəyyən edilməlidir. Bundan sonra hədəflər quru qoşunların, aviasiya və donanmanın arasında bölüşdürülməli və vurulmalıdır.
▪ Konsepsiyaya əsasən, digər məsələlərlə yanaşı, quru qoşunların yeni tipli bölmələrinin yaradılması planlaşdırılırdı - “bir batalyon ölçüsündə (min nəfərdən az), lakin bir diviziyanın atəş gücünə malik (10 min nəfərdən çox taktiki birləşmə).
Belə bir yeni ordu hazırkı müharibədə İsrail üçün çox faydalı olardı. Ancaq burada iki problem var:
▪ Konsepsiyanın həyata keçirilməsi ilkin mərhələdədir. Onun sadəcə mövcudluğu o demək deyil ki, İDF onu indi həyata keçirə bilər.
▪ Müharibənin əvvəlində İsrail kəşfiyyatının HƏMAS-ın hücum planını və onların toplanması və hərəkətini ifşa etməməsi göstərir ki, İDF rəhbərliyi özünün müşahidə və kəşfiyyat imkanlarında üstünlüyü ilə aldada bilər.
Bundan əlavə, yaraqlıların İsrailin cənubuna hücumu göstərdi ki, avtomatik müşahidə və aşkarlama sistemlərinə əsaslanan kəşfiyyat fəal düşmənə qarşı uğursuzdur.
Əməliyyata aşağıdakılar mane ola bilər: HƏMAS-ın müharibəyə yüksək hazırlığı (İDF qrup haqqında çox şeyi bilməyə bilər), Qərbin reaksiyası - və hələ də yaraqlıların əlində olan israilli girovlar
Beləliklə, İDF çox çətin şəraitdə quru əməliyyatına başlamalı olacaq:
▪ Kəşfiyyatın HƏMAS-ın gizli mövqelərininin (o cümlədən “Qəzza metrosu” - yaraqlılar tərəfindən manevr etmək, qərargahar, silahlar və ehtiyatları yerləşdirmək üçün istifadə edilən tunellər şəbəkəsi) yerini düzgün bildiyinə zəmanət yoxdur.
▪ HƏMAS-ın silahları və İsrail ordusuna itki vermək qabiliyyəti İDF tərəfindən lazımınca qiymətləndirilməyə bilər. Qrupun nə qədər raket istehsal və idxal etdiyi məlum deyil; kamikadze pilotsuz uçan aparatların, eləcə də İDF avadanlığı ilə effektiv mübarizə apara bilən sursat atma sistemləri və tank əleyhinə raket sistemləri olan PUA-ların sayı da məlum deyil. Yaraqlıların bir neçə ildir ki, bu müharibəyə hazırlaşdıqları göz qabağındadır.
▪ Ölkənin cənubunda dinc əhaliyə qarşı amansız silahlı hücumlar, qırğınlar və girov götürmələr açıq-aşkar terror aktları olsa da, İsrail hələ də beynəlxalq təzyiq altında hərəkət etməlidir. Təzyiqlər artır və əməliyyat inkişaf etdikcə bu proses açıq şəkildə davam edəcək. Buna görə də, İDF vaxt məhdudiyyətlərini nəzərə almalı və qəzzalıların kütləvi ölümünün qarşısını almaq üçün var gücü ilə çalışmalıdır.
▪ Ayrı və çox ciddi çətinlik terrorçuların girov götürdükləri insanlarla bağlıdır: 200-dən çox insan hələ də yaraqlıların əlindədir.
Hazırkı əməliyyatı 2008 və 2014-cü illərdəki əməliyyatlardan fərqləndirəcək məsələ İsrailin kəşfiyyat vasitələri, atəş gücü və silahların dəqiqliyi baxımından artan üstünlüyü deyil, iştirak edən qüvvələrin əhəmiyyətli dərəcədə daha geniş miqyasda olmasıdır. İsrail 300 min ehtiyat əsgərin səfərbər olunduğunu açıqlayıb. Onların əksəriyyəti İranın birbaşa dəstəklədiyi HƏMAS-dan daha güclü düşmənin – “Hizbullah”ın mümkün hücumunun (raketlər də daxil olmaqla) qarşısını almaq üçün ölkənin şimalında fəaliyyət göstərəcəklər. Ekspertlərin fikrincə, İDF HƏMAS-a qarşı qüvvələrinin 30-40%-ni istifadə edə biləcək. Lakin 100 mindən çox əsgərdən ibarət qrup, İDF-nin 2008-ci il (təxminən 20 min) və 2014-cü il (82 min - təkcə Qəzzada əməliyyat üçün deyil, bütün istiqamətlər üçün səfərbər edilmişdir) müharibələrində istifadə etdiyindən daha böyükdür.
Əməliyyatın hansı formada aparılacağı hələlik bəlli deyil. 2008-ci ildə İDF Qəzza zolağının böyük hissələrini işğal etdi; qoşunlar onu üç yerə bölüb Misirlə sərhəddən kəsdilər. 2014-cü ildə israillilər sektorun ərazisinə dərin basqınlarla məhdudlaşdılar (o zaman əməliyyatın məqsədi İsraillə sərhədə aparan tunelləri məhv etmək idi). Müdafiə naziri Yoav Qalantın son açıqlamalarına əsasən, hazırkı əməliyyat çox güman ki, əvvəlki münaqişələr zamanı inkişaf etdirilən xüsusiyyətləri birləşdirəcək: birinci mərhələdə kəsici zərbələr və geniş ərazilərin işğalı, ikincidə isə işğal olunmamış ərazilərə basqınlar gözlənilir.