Qəzza zolağında müvəqqəti hökumət yaratmaq istəyirlər

ABŞ və İsrail HƏMAS-ın ərazidən sıxışdırılmasından sonra Qəzza zolağında müvəqqəti hökumətin yaradılması imkanını müzakirə etməyə başlayıb. Bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb. BMT-nin dəstəyi və ərəb dövlətlərinin iştirakı ilə müvəqqəti hökumət yaradıla bilər.

“Bloomberg”in həmsöhbətlərinin sözlərinə görə, müzakirələr hələ ilkin mərhələdədir və İsrailin quru əməliyyatının nəticələri də daxil olmaqla, gələcək inkişafdan asılı olacaq. “Bloomberg” qeyd edir ki, Qəzza zolağında müvəqqəti hökumətin yaradılması bütün regiondakı ərəb dövlətlərinin dəstəyini tələb edəcək.

Nəşr yazır ki, İsrail rəsmiləri dəfələrlə Qəzza sektorunu işğal etmək planlarının olmadığını bildiriblər, lakin 7 oktyabr hücumundan sonra HƏMAS-ın idarəçiliyinin davam etdirilməsinin qəbuledilməz olduğunu hesab edirlər.

Materialda həmçinin bildirilir ki, ABŞ İsrailin quru əməliyyatının nəticələrini kifayət qədər düşünməməsindən narahatdır. Vaşinqton ehtiyat edir ki, Qəzza zolağına HƏMAS-ı devirməkdən başqa dəqiq məqsədi olmayan hücum regional müharibəyə çevrilə bilər.

ABŞ prezidenti Co Bayden CBS telekanalına müsahibəsində deyib ki, HƏMAS hərəkatı tamamilə məhv edilməlidir. Bununla belə, onun fikrincə, İsrailin Qəzza zolağının işğalı böyük səhv olardı.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ