Yeni inşa edilən ödənişli yolda radar var?

“Bu yol “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin tərkib hissəsidir. Artıq həm şimaldan, həm cənubdan ölkəmizə daxil olan tranzit, həmçinin daxili yüklərin bu yol vasitəsilə rahat daşınması təmin olunacaq”.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bu gün ödənişli avtomobil yolu ilə bağlı medianın suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, yük və sərnişindaşıma prosesi bir qədər də asanlaşacaq:

“Bu yolun istifadəyə verilməsi ilə yeni iş yerlərinin açılması, turizmin daha da inkişaf etdirilməsi və sosial baxımdan digər bir çox sahələrin də inkişafı təmin olunacaq”.

A.Nəcəfli ödənişli yolun standartlara uyğun olaraq sürətli yol kimi inşa edildiyini və hər bir istiqamətdən xüsusi çəpərlər vasitəsilə bağlandığını qeyd edib:

“Bu yola hər hansı maneənin çıxmasının qarşısının alınması üçün görülən tədbirdir. Onu da qeyd edim ki, sürücü A nöqtəsindən B nöqtəsinə sürəti dəyişmədən eyni sürətlə hərəkət etmək imkanı qazanır. Çünki yolda təhlükəsizlik tam formada təmin edilib. Avtomobil yolu boyunca zəruri olan kamera və digər avadanlıqlar yerləşdirilib. Zərurət yarandıqca bu avadanlıqların sayının artırılması da təmin ediləcək. Ehtiyac olarsa, radarlar da quraşdırılacaq.

Yeni yol köhnə yoldan 13 km daha qısadır. Sürücü mənzil başına vaxt etibarilə də daha tez və rahat çatacaq”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ