“Meşəliyə polis kimi gedən qardaşımı yandırdılar, külünü dəfn etdik” - şahid

Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə ittiham olunanlardan biri - Vaqif Xaçatryanın cinayət işi üzrə bu gün də məhkəmə prosesi keçirilir.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Hərbi Məhkəməsində baş tutan iclasda zərərçəkmiş Arzu Rüstəmov şahid qismində çıxış edib.

 O, Xaçatryanı şəxsən tanımadığını, Ağdam sakini olduğunu, həmin vaxt da Ağdamda olduğunu bildirib.

Zərərçəkmiş şəxsin hüquqi varisini bu işlə bağlayan Meşəli kəndində öldürülən qardaşı Hidayət Rüstəmovdur. H.Rüstəmov polis əməkdaşı olub. O, hadisələr vaxtı Meşəli kəndinə ezam olunubmuş:

“Qardaşım o kəndə polis nəfəri kimi getmişdi. 23 dekabrda ermənilər onu öldürüb yandırdılar. Səhəri gün qardaşımın külünü gətirib dəfn etdik”.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Rüstəmov Hidayət Eldar oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. O, Ağdam rayonunun Şəhidlər xiyabanında dəfn edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ