“İnanıram ki, bu, müharibənin sonu olacaq” - Əmirbəyov

“Mən həqiqətən inanıram ki, bu, müharibənin sonu olacaq, çünki nəhayət, biz sülhə gedən yolda əsas daşı aradan qaldırdıq. Bu daş isə Ermənistan silahlı qüvvələrinin suveren ərazimizdə davam edən qanunsuz hərbi mövcudluğu idi”.

Bu barədə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov BBC-yə müsahibəsində deyib.

Əmirbəyov hesab edir ki, növbəti addım Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası ilə bağlı danışıqlar ola bilər.

“Əsas məqam bu məsələnin sülh yolu ilə həll edilməsi üçün hər iki tərəfin kifayət qədər siyasi iradəyə sahib olub-olmayacağıdır. Biz ikitərəfli danışıqların digər istiqamətləri üzrə olduğu kimi, bu məsələnin də həllində də olduqca maraqlıyıq. Hesab edirəm ki, aramızdakı sərhəd nə qədər tez razılaşdırılsa, bir o qədər yaxşıdır. Bu zaman hər hansı hərbi əməliyyatların yenidən başlaması ehtimalı da bir o qədər azalmış olacaq”, - deyə Elçin Əmirbəyov qeyd edib.

O, həmçinin Zəngəzur dəhlizi ilə bağlı da fikirlərini bildirib.

“Biz qəbul edirik ki, bu, Ermənistanın suveren ərazisidir. Lakin qarşı tərəfin dəhliz boyu hərəkətin təhlükəsizliyini necə təmin edəcəyini bilmək bizim üçün vacibdir. Bizə lazımdır ki, Azərbaycanın əsas hissəsindən Naxçıvana və ya geri istiqamətdə qatara minən hər bir sərnişinin təhlükəsizliyinə etibarlı zəmanət verilsin”, - deyə Əmirbəyov əlavə edib.

Əmirbəyovun sözlərinə görə, Bakı danışıqlara hazırdır, lakin Ermənistan prosesi ləngitməyə üstün verərsə, o zaman Azərbaycan İran ərazisindən marşrut çəkməyə hazırdır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ