Bu universitetin bufetinə kitabla girmək qadağandır? - Video

Sosial şəbəkələrdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin bufetinə kitabla girməyin qadağan edilməsini iddia edən görüntülər yayılıb.

“Qafqazinfo” xəbər verir ki, “Azərbaycan Universitetləri” səhifəsində paylaşılan videoda adı qeyd edilməyən şəxsin bufetə girərək tələbələrlə sərt danışdığı görünür.

Tələbələr iddia edirlər ki, həmin şəxs 3 gündür ki, bufetə girib qabağında kitab olan bütün tələbələri qovur: “Səbəb də onu gətirir ki, bufetdə oturmağa yer yoxdur. Hətta kitab bağlı olsa belə stolda kitab görsə, sərt formada zaldan qovmağa çalışır, xüsusən də qız tələbələri. Deyir ki, oxu zalı var, orada oxuyun. Biz magistratura imtahanına hazırlaşan tələbələrik, o testləri müzakirə edə bilək deyə açıb işləyirik. Oxu zalında 2 nəfərin pıçıldaşmağına belə icazə verilmir necə müzakirə edə bilərik ki?”

Yayılan görüntülər geniş müzakirələrə səbəb olub. Bəzi sosial şəbəkə istifadəçiləri buna haqq qazandırıb, digərləri isə yolverilməz olduğunu bildiriblər.  

Məsələ ilə bağlı Azərbaycan Dövlət Pedaqoji Universitetinə sorğu ünvanladıq. Universitetdən sorğumuza belə cavab verildi: “Universitetin professor-müəllim və tələbə heyətindən dəfələrlə şikayət daxil olub ki, hər hansı qida qəbul etmədikləri halda yeməkxanadakı yerləri həddən artıq məşğul edən tələbələr var və buna görə də digər müəllim və tələbələr yeməkxanadan istifadə edə bilmir. Sözügedən videodakı səlahiyyətli şəxs isə univeristetin İnzibati departamentinin müdiridir və universitetin infrastrukturu ilə bağlı şikayət və təkliflər həmin struktura yönləndirilir. Mövcud vəziyyətlə bağlı yeməkxanadakı həmin tələbələrlə bir neçə gün ərzində izahat söhbətləri aparılıb. Lakin təəssüf ki, eyni tələbələrə bu məsələ dəfələrlə izah edilsə də, bəziləri bunu anlayışla qarşılamayıb və tövsiyələrə məhəl qoymayıb”.

Universitetdən bildirilib ki, yeni istifadəyə verilmiş Kitabxana-İnformasiya Mərkəzi və əlavə geniş oxu zalında tələbələrimizin oxumaq, tapşırıqlar işləmək, internetdən istifadə etmək və elektron kitabxanaya daxil olmaq üçün bütün şəraitlər mövcuddur: “Kitabxana-İnformasiya Mərkəzində ümumi oxu zalından əlavə hermetik arakəsmələrlə ayrılan və səskeçirməyən bir neçə müzakirə otaqları da var. Hansı ki, bu otaqlarda təkcə kitab oxumaq deyil, internetə qoşulmaq, təqdimatlar etmək üçün də hər bir şərait var və burada bir neçə tələbə rahatlıqla müzakirə apara bilər. Eyni zamanda Kitabxana-İnformasiya Mərkəzində tələbələrin rahatlıqla çay-kofe və qəlyanaltı ala və müzakirələr apara biləcəkləri minikafe də fəaliyyət göstərir.

Bu səbəbdən də tövsiyə olunur ki, tələbələr bu məqsədlə  yeməkxanadan yox, oxu zalından və ya müzakirə otaqlarından istifadə etsinlər. Həmçinin, nəzərə almaq lazımdır ki, yeməkxanadakı səs-küydə dərs oxumaq demək olar ki, mümkünsüzdür və tələbələrin bu məqsədlə digər imkanlardan istifadə etməsi daha məqbuldur”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ