Azərbaycan Bakıda Mxitaryanın təhlükəsizliyinə zəmanət verdi

AFFA-nın baş katibi Elxan Məmmədov bildirib ki, İngiltərənin "Arsenal" klubunun erməni futbolçusu Henrix Mxitaryanı mayın 29-da Bakıda Avropa Liqasının finalında "Çelsi"yə qarşı keçiriləcək oyun zamanı heç bir təhlükə gözləmir.

Buta.media xəbər verir ki, baş katibin sözlərini "The Telegraph" nəşri sitat gətirib.

"Bizim dövlət orqanlarımız Mxitaryanın Bakıya gəlişi ilə bağlı UEFA-ya zəmanət veriblər. Təhlükəsizliyin təmin edilməsi ilə bağlı heç bir problem yoxdur. Biz UEFA-dan zəmanətin verilməsinə dair sorğunu hələ "Arsenal" finala çıxmamışdan əvvəl almışıq. Bizim hakimiyyət Mxitaryanın Bakıya gəlişi üçün bütün zəruri təhlükəsizlik tədbirlərini görüb", — deyə E.Məmmədov bildirib.

Daha əvvəl "The Times" nəşri "Arsenal" klubunun erməni futbolçunu guya "təhlükəsizlik məqsədi ilə" Bakıya gətirməmək qərarına gəldiyini yazıb.

Daha əvvəl Azərbaycanın Xarici İşlər Nazirliyi bəyan edib ki, Mxitaryan Ermənistanla münasibətlərdə olan gərginliyə baxmayaraq, Avropa Liqasının finalında tam təhlükəsiz şəraitdə iştirak edə bilər.

Həmçinin Gənclər və İdman Nazirliyi İngiltərənin "Arsenal" klubunun erməni futbolçusu Henrix Mxitaryanın Bakıda keçiriləcək Avropa Liqasının final matçında iştirakına Azərbaycanın təhlükəsizlik təminatı vermədiyinə dair iddiaları təkzib edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ