Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin Qarabağda yerləşən sülhməramlılarla bağlı mövqeyini açıqlayıb. Zatulin Qarabağda Rusiyanın sülhməramlı kontingentinin müdafiə edəcəyi heç kimin qalmadığını söyləyib.
Konstantin Zatulin bunu “Danışır Moskva” (“Qovorit Moskva”) radiostansiyasına müsahibəsində deyib.
Onun fikrincə, Qarabağda qondarma respublikanın "keçmiş prezidentləri" olmuş Saakyan və Qukasyanı Azərbaycanın həbs etməsi Rusiyanın mövqelərinə zərbə vurub:
“Saakyan və Qukasyanın həbsi Rusiya sülhməramlı kontingentinin gözləri qarşısında həyata keçirilib. Məncə bu, təkcə Ermənistandakı xain hakimiyyətə deyil, həm də öz üzərimizə götürdüyümüz funksiyaya - sülhməramlılığa çox ciddi qınaqdır. Bütün ermənilərin Qarabağı tərk etməsi o deməkdir ki, onlar artıq bizim sülhməramlı kontingentimizin onları qoruya bildiyinə inanmaqdan vaz keçiblər. Aydın məsələdir ki, hər halda bizim kontingentin Qarabağdakı günləri saylıdır, çünki orada heç kim qalmasa, biz kimi qoruyacağıq?”