Fiziki şəxslərin və qurumların dondurulmuş aktivlərdən zəruri və gözlənilməz xərclərə ehtiyacının ödənilməsi və bu aktivlərdən istifadə etmək imkanının təmin edilməsi qaydası təsdiq olunub.
Bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Bu Qayda terrorçuluğa və terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsində nəzərdə tutulan fiziki şəxslərin və qurumların (bundan sonra – fiziki şəxslər və qurumlar) dondurulmuş aktivlərdən zəruri və gözlənilməz xərclərə ehtiyacının ödənilməsi qaydasını müəyyən edir.
Fiziki şəxslər və qurumlar tərəfindən dondurulmuş aktivlərdən istifadəyə dair icazə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən verilir.
Dövlət Təhlükəsizliyi Xidməti ölkədaxili siyahıya daxil edilmiş fiziki şəxslərin və qurumların yazılı müraciətindən sonra 7 iş günü müddətində, beynəlxalq siyahıya daxil edilmiş fiziki şəxslərin və qurumların yazılı müraciətindən sonra bu Qaydada qeyd olunan müddətdə gözlənilməz xərclərə və aşağıdakı zəruri xərclərə ehtiyacın ödənilməsini təmin etmək məqsədilə dondurulmuş aktivlərdən istifadəyə dair qərar qəbul edir:
- Vergi və rüsumlar;
- Sığorta ödənişləri (həyatın yığım sığortası istisna
olmaqla);
- Kommunal xərclər (qaz, su, işıqdan istifadə xərcləri,
mənzil-təsərrüfat xərcləri, telekommunikasiya (telefon rabitəsi, internet) xərcləri);
- Maliyyə xidmətlərindən istifadə ilə əlaqədar xidmət haqları;
- Qida, tibb xidmətləri, dərman xərcləri, icarə və kirayə haqları, ipoteka kreditləri üzrə ödənişlər;
- Peşəkar fəaliyyət ilə əlaqədar üzvlük haqları və hüquqi xidmətlərin göstərilməsi xərclərinin ödənilməsi üçün zəruri olan ödənişlər;
- Dondurulmuş əmlakın saxlanılması üçün ödənişlər.
Fiziki şəxslərin və qurumların yazılı müraciətlərində bu Qaydada qeyd olunan məlumatlar nəzərdə tutulmalıdır.
Dondurulmuş aktivlərdən istifadəyə dair icazə istifadə olunacaq vəsaitin terrorçuluğa və terrorçuluğun maliyyələşdirilməsi, kütləvi qırğın silahlarının yayılması və yayılmasının maliyyələşdirilməsinə yönəldilməsi riski tam aradan qaldırıldıqdan sonra verilir.