“O rusu bura qurban olduğunuz paşanız gətirdi” - Flora Kərimova

Bir neçə gündür Xalq artisti Flora Kərimova ilə bağlı sosial şəbəkələrdə müxtəlif videoçarxlar çıxır. Üzərində müğənniyə qarşı təhqirlər yazılmış çarxda Flora Kərimova Qafqaz İslam Ordusunun komandanı Nuru Paşaya, ümumən, Osmanlı türklərinə qarşı, yumşaq desək, hədyanlar səsləndirir.

Sənətçi məsələyə aydınlıq gətirərək açıqlama yayıb. O, Nuru Paşa haqda dediklərinin tarixi fakt olduğunu bildirib:

“Ay cahillər, ay savadsızlar, ay biveclər, tarixi bu qədər dəyişdirmək, unutmaq olarmı? Hələ 1 əsr keçib. Vətənə, torpağa bu dərəcədə hörmətsizlik olarmı? Məni nədə suçlayırsınız? Mənim boynuma nəsə qoymaqla nə dəyişir?

“Qurban olduğum” dediyin o paşan rus qoşunlarını bura gətirməsəydi, mən bu gün rus dilində danışacaqdım?! Mənim Vətənimi almaq istəyən, dilimi də alıb. Rus gəlib neylədi? 3-4 dəfə əlifbamı dəyişdi, aldatdı, 37-ni, Xocalını törətdi., Qarabağı əlimizdən almaq isdədi. O rusu bura qurban olduğunuz paşanız gətirdi! Bu, tarixdir, dəyişəcəksiniz? Flora niyə rus dilində danışır? Hamısını edən sənin paşan oldu... Bu, həqiqətdir. Ərdoğan da bu həqiqəti dilinə aldı. Bunlar mənim fantaziyam deyil. Bu, tarixçilərin elmi məqalələrində yazdıqları, araşdırmalarıdır”.

Sənətçi sözügedən səs yazılarını yayanları da tənqid atəşinə tutub, hətta onları təhqir edib:

“Xalqının faciəli tarixini öz qırışsız beyninə görə dəyişmək istəyənin nə kişiliyinə hörmət olar, nə kimliyinə, nə mənliyinə, nə vətəndaşlığına. Tarixini unutmaq əksiklik, bilməmək isə cinayətdir.  

Tarixin keçmiş səhifələrini mənim dilimlə varaqlayan alçaq, mən yanlışmı demişəm və nədə haqsızam? Bəs sən, artıq tarixə gömülmüş Azərbaycan Demokratik Respublikasına olunmuş xəyanəti, indiki müstəqil Azərbaycanın bu günü kimlərinsə yadına salmaqda düzmü elədin?

Hədəfin mən idimmi, yoxsa yaxdığın çirkabla kimlərəsə, faciəmizi xatırladıb xal qazanmaq? Söyüşlərdəndən başqa nəyin sahibi oldun?

Mənə qara yaxdığın “Azərbaycan dili söyüş dilidir” yazdığının arxasına “?" işarəsini qoy! Özünü söyüşlərə bulaşdıra-bulaşdıra hədəfinə çatdınmı? Bəli, sənin danışığın nə azərbaycanlıya, nə azərbaycanlılığa, nə türklüyə, nə türkçülüyə aiddir! Bu sualı mən sənə verməliyəm. Və səndən soruşuram, söyüşlə danışdığın Azərbaycan dilini hansı türkçülüyünə aid edirsən?  

Sən millətin içində kök atmış, dilinə, dininə, mədəniyyətinə, tarixinə hörməti olmayan varlıqsan. Sən sadəcə varsan. mövcudsan! Və yenə təkrar edirəm: Mən sənin söyüş dilində danışmıram, danışmayacağam!

Mənə bu hədəfli böhtanı layiq bilənin əqidəsinin, niyyətinin “qibləsi” yalanla yoğurulan çirkablıqdır!

Təkrar edərək sənə də xitab edirəm, Ülviyyə, varlığımı həzm edə bilməyib çeynənmiş yalanlarınızı bir-birinizin ağına tüpürməyiniz isə acizliyinizin təntənəsidir”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ