Oğlu ilə telefonla danışan keçmiş arvadını 14 dəfə bıçaqladı - təfərrüat

Ötən ilin dekabrın 7-si paytaxtın Xətai rayonunda İlqar Qəribov keçmiş arvadı Ramilə Qurbanovaya bıçaqla 14 dəfə zərbə endirib. Nəticədə Ramilə Qurbanova hadisə yerindəcə həyatını itirib. 

Təqsirləndirilən şəxsin cinayət əməli araşdırıldıqdan sonra Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Aparılan məhkəmə prosesindən sonra təqsirləndirilən şəxsə hökm oxunub. 

Hökmə əsasən, İlqar Qəribov 16 il azadlıqdan məhrum edilib. O, həmin müddəti ağır tipli cəzaçəkmə müəssisəsində olacaq. 

Lent.az cinayətin təfərrüatlarını və məhkəmədə verilən ifadələri əldə edib. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə bir neçə şahid dindirilib.

Şahid qismində məhkəmədə çıxış edən Samirə Məmmədova Ramilə Qurbanovanın işlədiyi salonun müştərisi olub:

“Ramilə xanımı 5 ildən çoxdur tanıyıram. Ramilə salonda işləyirdi. Mən də oranın müştərisi olmuşam. 5 il eyni salona getdiyim üçün salonun işçiləri ilə mehribanlaşmışdıq, bir-birimizin evinə get-gəlimiz olub. Amma Ramilə heç vaxt bizə qoşulmayıb. Bu kişinin, yəni ərinin qorxusundan bizimlə heç yerə getmirdi”.

Samirə Məmmədovanın sözlərinə görə, əri Ramiləni onlara gəlib-getdikdən sonra yolda bıçaqlayıb:

“Ramilə bir dəfə toya gedirdi. Utana-utana gəldi məndən paltar istədi. Dedi imkanım yoxdur almağa. Mən də 2-3 ədəd öz paltarımdan, 2-3 ədəd də qızımın paltarından verdim. 

Ramilə heç vaxt tək heç bir yerə getməzdi. Bizə də iş yoldaşı Əfsanə ilə gəlmişdi. Paltarlarım bir müddət onda qaldı. 

Daha sonra, yenidən Əfsanə ilə bizə gəlib paltarları qaytardı. Bir az qapıda söhbət etdik. Getdilər. 2-3 dəqiqə keçmişdi ki, aşağıdan qışqırıq səsləri eşitdim.

Bir də gördüm Əfsanə qaça-qaça gəldi ki, Ramilə ölüb. Dedim necə yəni ölüb. Dedi əri öldürüb”.

Məhkəmə zalında ifadə verən digər şahid Əfsanə Osmanova Ramilə Qurbanovanın bıçaqlandığı zaman yanında olub:

“Dekabrın 7-də Ramilə məndən xahiş etdi ki, Samirə xanımın paltarını aparıb qaytaraq. Mən də razılaşdım. Getdik Samirə xanımgilə çatdıq. Paltarları verib, qapıda bir neçə dəqiqə söhbət etdik. 

Yolda gedəndə Ramilənin oğlu Uğur əsgərlikdən zəng elədi. Mən aralaşdım ki, oğlu ilə rahat danışsın. Hər yer qaranlıq idi. 

Gördüm ara qarışdı, Ramilə qışqırır. Elə bildim yoldaşı İlqar onu döyür. Amma bıçaqladığını hələ anlamamışdım”. 

Hadisənin şahidi olan Əfsanə Osmanova “İlqar eləmə” desə də cinayətin qarşısını ala bilməyib:

“Qışqırdım. Bir neçə saniyə sonra gördüm ki, Ramilənin gödəkcəsindən qan axır. İş yoldaşlarımızı qışqırıb çağırdım ki, kömək etsin. Gəlib çatanda gördüm ki, Ramilə həyatda deyil”. 

Təqsirləndirilən şəxs İlqar Qəribov şahid Əfsanə Osmanovanın danışdığı hər şeyin doğru olduğunu təsdiqləyib. 

Şahid Ə.Osmanova bildirib ki, mərhum Ramilə sirli qadın olub:

“Ramilə çox qapalı idi. Evli olub boşandığını bilirdik. Amma ailəsi ilə bağlı heç bir məlumat verməzdi. Danışmazdı bizimlə, sirli qadın idi”.

Cinayətdə təqsirli bilinən İlqar Qəribov Ramilənin anası və böyük bacısı ilə problemi olduğunu məhkəmədə etiraf edib:

“Ramilənin anası və böyük bacısı bütün işlərimizə qarışıblar. Mənə şər, böhtanlar atıblar. Amma indi onlar ortalıqda yoxdurlar. Qəbul edirəm, qısqanc olmuşam. Hər şeyə qadağa qoymuşam”.

Daha sonra hakim məhkəmə istintaqının yekunlaşdığını elan edib. Söz prokurora verilib. Prokuror təqsirləndirilən şəxsin 18 il azadlıqdan məhrum edilməsini istəyib.

Zərərçəkmişin hüquqi varisi 18 ilin az olduğunu, İlqar Qəribova ömürlük cəza verilməsini istəyib.

Nəhayət hökmə əsasən, İlqar Qəribov 16 il azadlıqdan məhrum edilib.

Məlumata görə, İlqar Qəribov həyat yoldaşı Ramilə Qurbanovanı bıçaqladığı zaman qadın əsgərlikdə olan oğlu Uğur Qəribovla danışırmış.

Xatırladaq ki, ittihama əsasən, İlqar Qəribov keçmiş həyat yoldaşı, 1983-cü il təvəllüdlü Ramilə Qurbanova Xətai rayonu, Məhəmməd Hadi küçəsində bıçaqla çoxsaylı xəsarətlər yetirərək, onu qətlə yetirib.

İclasda söz təqsirləndirilən şəxsə verilib. O, hadisə üzrə özünü qismən təqsirli bilib:

“Mən o hadisəni qısqanclıq səbəbilə törətmişəm”.

Qeyd edək ki, hadisə ötən ilin dekabrında paytaxtın Xətai rayonunda qeydə alınıb.

Belə ki, 1976-cı il təvəllüdlü İlqar Qəribovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı keçmiş həyat yoldaşı 1983-cü il təvəllüdlü Ramilə Qurbanovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

O, Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ