İdman TV “Qarabağ”ı ittiham etdi: “Münasibətlərə yenidən baxacağıq”

ötən gün baş tutan “Olimpiya” – “Qarabağ” matçı yalnız oyunun 68-ci dəqiqəsindən etibarən “İdman Azərbaycan” kanalında yayımlanıb. 

“İdman Azərbaycan” kanalı daha öncə matçın yayımlanacağını elan etsə də, demək olar ki, bu, baş tutmayıb.

“Qarabağ” futbol klubu buna səbəb kimi kanalda yaranan texniki səbəbləri göstərib. Amma bu gün kanal daha geniş açıqlama yayaraq bunu təkzib edib.

Məsələ ilə bağlı “İdman Azərbaycan”ın yaydığı növbəti məlumatda klub rəsmilərinin yayım məsələsinə biganə yanaşması qeyd olunub: “Hörmətli futbol azarkeşləri, "Qarabağ" - "Olimpiya" komandalarının Avropa Liqasının pley-off mərhələsi çərçivəsində ilk görüşünün "İdman" TV ilə göstərilməməsi ilə bağlı narahatlığınızı və iradlarınızı başa düşür və üzr istəyirik. Lakin istərdik ki, məsələnin və yaranmış problemin əsl mahiyyətini tamaşaçılar düzgün bilsin.

Yaranmış problem çox təəssüflər olsun ki, hətta "Qarabağ" FK tərəfindən "İdman" TV-nin problemi kimi təqdim edilir. Həqiqətdə isə problem həm də məhz klub rəsmilərinin yayım məsələsinə biganə yanaşması, rəqib komandalarla oyunun göstərilməsi ilə bağlı danışıqlarda "İdman" TV ilə əməkdaşlığı düzgün qurmamasıdır. Biz "İdman" TV olaraq "Qarabağ" FK-nın görüşəcəyi komandaları yayımlayacaq kanallarla ən azı 1 həftə əvvəldən danışıqlar aparır, texniki məsələləri dəqiqləşdiririk. Lakin, son anda siqnal alacağımız şirkət ya təmiz görüntü ötürmür, ya da gecikdirir. Problemi "Qarabağ" FK-ya çatdıranda isə qarşı tərəfdən hər hansı cavab almaq mümkün olmur.

Yəni yalnız oyun deyil, yayım məsələsi də komanda işidir və burada ilk növbədə azarkeşi düşünərək kollektiv iş ortaya qoymaq lazımdır. "Qarabağ" FK-nın birmənalı olaraq "İdman" TV-ni ittiham etməsi isə həm anlaşılmaz, həm də qəribədir. Hər halda "İdman" TV olaraq biz də "Qarabağ" FK ilə münasibətlərə yenidən baxacaq və ikitərəfli əməkdaşlıqda məsuliyyətli yanaşma olacağı halda oyunların yayımını öz üzərimizə götürəcəyik”.

Qeyd edək ki, Avropa Liqasının pley-off mərhələsinin ilk görüşündə “Qarabağ” səfərdə Sloveniyanın “Olimpiya” futbol klubu ilə qarşılaşıb. “Qarabağ” 2-0 hesabla qalib gəlib. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ