Priqojinin qiyamdan sonra ilk videosu yayıldı: “Afrikanı azad edirik” - video

“Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin iyunun sonunda Rusiyada qiyam cəhdindən sonra sükutunu pozub və ilk videosunu paylaşıb.

Priqojin çəkdiyi yeni videoda hazırda Afrikada olduğunu və Afrika xalqlarının azadlığı uğrunda mübarizə apardığını iddia edir.

Onun isti və səhra mənzərəsi fonunda lentə aldığı qısa videomesaj “Telegram” kanallarında yayılıb.

“Biz 50 dərəcədən yüksək temperaturda işləyirik, hər şey istədiyimiz kimidir. “Vaqner” özəl hərbi şirkəti kəşfiyyat-axtarış işləri aparır, Rusiyanı daha da böyüdür, Afrikanı isə daha da azad edir. Afrika xalqları üçün ədalət və xoşbəxtlik, İŞİD, “Əl-Qaidə” və digər dəstələrin isə kabusu oluruq”.

Yevgeni Priqojin, həmçinin, könüllüləri Afrikanın azadlığını müdafiə etmək üçün şirkətin sıralarına qoşulmağa çağırıb.

“Biz əsl qəhrəmanları işə götürürük və qarşımızda qoyulan, həll edilməsinə söz verdiyimiz tapşırıqları yerinə yetirməyə davam edirik”, - deyə o qeyd edib.  

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ