Türkiyəli seysmoloq Naci Göryur bəyan edib ki, İstanbulda 7,0 və daha çox bal gücündə zəlzələ ehtimalı 60%-dən çoxdur.
Avqustun 17-də Türkiyədə 1999-cu ildə Mərmərə dənizində baş vermiş dağıdıcı zəlzələni anırlar.
“İstanbul bölgəsində maqnitudası 7,0 və daha çox olan yeni zəlzələnin proqnozlaşdırıldığı 30 illik dövr başa çatmaq üzrədir. Biz əvvəllər dəfələrlə xəbərdarlıq etmişik ki, 2029-cu ilə qədər regionda 17 avqust 1999-cu ildə baş verən təbiət hadisəsindən az olmayan güclü zəlzələ gözləyirik. Onun ehtimalı ən azı 64% təşkil edir və İstanbul belə zəlzələyə hazır deyil”, - TV-100 telekanalı ekspertin sözlərini sitat gətirib.
1999-cu ilin avqustunda Anadolu və Avrasiya tektonik plitələrinin qovşağında yerləşən İstanbul bölgəsində 7,6 bal gücündə zəlzələ baş verib. Rəsmi məlumatlara görə, hadisə nəticəsində 17,2 min nəfər ölüb, 45 min nəfər yaralanıb.