“Yango” istifadəçilərin məlumatlarını Moskvaya göndərir?

İstifadəçilərin xaricdə Yandex xidmətlərindən istifadə edərək etdikləri taksi gedişləri ilə bağlı bütün məlumatlar Rusiyaya ötürülür. Bu barədə Meduza mənbələrə istinadən məlumat yayıb.

Meduza-nın məlumatına görə, sentyabrın 1-dən hökumətin qərarına əsasən, FTX-nın “Yandex Go” xidməti vasitəsilə, o cümlədən xaricdə taksi gedişləri haqqında məlumatlara gecə-gündüz çıxışı olacaq.

Nəşr qeyd edir ki, FTX-nın əldə edə biləcəyi məlumatlara istifadəçinin adı, telefon nömrəsi, e-poçt ünvanı, bank məlumatları, istifadəçi şərhləri və səyahət ünvanları daxildir.

Bütün “Yango”nun məlumat bazaları Rusiyada yerləşir.

Bildirilir ki, müharibə başlamazdan əvvəl məlumatların bir hissəsi Finlandiyanın Mantsala şəhərindəki məlumat mərkəzində saxlanılırdı. Ancaq Ukraynada müharibə başlayandan sonra “Yandex” rəhbərliyi sanksiyalara məruz qaldı və hazırda taksi xidmətlərinin məlumatları Rusiyanın məlumat mərkəzlərində saxlanılır - Moskva, Ryazan və Vladimir vilayətlərində. “Yandex”in anonim iki əməkdaşı Meduza-ya bildiriblər ki, dördüncü saxlanma mərkəzi Kaluqada tikilir.

“Yandex” taksi xidməti dünyanın iyirmidən çox ölkəsində, o cümlədən Azərbaycan, Finlandiya, İsrail, Əlcəzair, Norveç, Belarus, Qazaxıstan, Gürcüstan və Ermənistanda fəaliyyət göstərir.

“Yandex Taksi” xidmətinin mətbuat xidməti bəyan edib ki, Rusiya hüquq-mühafizə orqanları istifadəçilərin Rusiyadan kənar səfərləri barədə məlumatı xidmətə sorğu vasitəsilə əldə edə bilməyəcək.

Şirkətdən verilən məlumata görə, səyahət məlumatları müxtəlif məlumat mərkəzlərində saxlanılsa da, onu yalnız səfərin həyata keçirildiyi ölkənin hüquq-mühafizə orqanları və yerli qanunlarda nəzərdə tutulmuş prosedurlara əsasən əldə etmək olar.

“Rusiya qanunvericiliyi və əksər digər ölkələrin qanunvericiliyi belə işləyir. Sentyabrın 1-dən “Taksi haqqında” qanun qüvvəyə mindikdən sonra bu məntiq dəyişməyəcək”, - deyə mətbuat xidməti əmin edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ