Ona təzyiqlər göstərilir - İranda həbs olunan azərbaycanlının anası

"İran məhkəməsində oğlum Fərid Səfərliyə qarşı hakimlər tərəfindən təzyiqlər artıb. Ona qarşı ittihamın dəyişdirilməsinin ciddi fərqi yoxdur".

Bunu "Report"a açıqlamasında İranda həbs olunan Azərbaycan vətəndaşı F.Səfərlinin anası Dilarə Əskərova bildirib.

Ötən gün övladı ilə telefonla danışdığını xatırladan D.Əskərova onun vəziyyətinin olduqca pis olduğunu və məhkəmənin verəcəyi qərarla bağlı narahatlıq keçirdiyini söyləyib.

İndiyə qədər F.Səfərlinin hər zaman çox sakit danışdığını deyən anası övladı ilə telefon danışığı zamanı onda həddindən artıq gərginlik hiss etdiyini bildirib. D.Əskərova bunun səbəbini məhkəmələrdə F.Səfərliyə qarşı artan təzyiqlərlə əlaqələndirib.

O, həmçinin övladının qonşu ölkədə qanuni tələblərinə məhəl qoyulmadığını və vəkillə təmin olunmadığını bildirib.

D.Əskərova bildirib ki, oğlu farsca dindirilir:

"Hakimlər ona təzyiqlər göstərir və olmayanları etiraf edəcəyi təqdirdə cəzasının yüngülləşəcəyini deyirlər".

Övladının tərcüməçi ilə təmin olunmamasının səbəbinə aydınlıq gətirən D.Əskərova deyib ki, F.Səfərli müəyyən qədər fars dilini bilir: "İran tərəfi də bildirir ki, sən farsca bilirsənsə, tərcüməçiyə ehtiyacın yoxdur. Düzdür, Fərid fars dilini məişət səviyyəsində bilirdi, hazırda məhkumlarla danışa-danışa bir qədər də öyrənib. Lakin bu, o demək deyil ki, Fərid hüquqi terminləri də bilir və məhkəmədə özünü tam mənası ilə ifadə edə bilər".

D.Əskərova vurğulayıb ki, Fəridə qarşı irəli sürülmüş “casusluq” ittihamının “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunmasının da əslində ciddi fərqi yoxdur:

"Çünki hər iki ittiham aktının cəzası ağır ola bilər. Hesab etmirəm ki, yüngülləşdirici hər hansı bir qərar verilə bilər. Ona görə olduqca narahatıq. Fəridə avqustun 3-nə qədər son söz üçün vaxt verilib. Bundan sonra nə olacağını isə bilmirik".

Qeyd edək ki, Almaniyada yaşayan Azərbaycan vətəndaşı, 1997-ci il təvəllüdlü Fərid Səfərli bu ilin fevralında İrana səfər edib. O, martın 5-də Almaniyaya qayıtmalı olsa da, sonradan onunla əlaqə itib. Daha sonra Fərid Səfərlinin İran rejimi tərəfindən saxta ittihamlarla saxlanıldığı barədə məlumat yayılıb.

İyulun 19-da keçirilmiş məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ