Bir gün əvvəl Hindistan xüsusi təyinatlılarının bir qrupu təhlükəli cinayətkar Saçin Bişnoyu ekstradisiya etmək üçün Bakıya gəlib.
Xatırladaq ki, Bişnoy Bakıya saxta pasportla 2022-ci ilin aprelində Musa Valanın öldürülməsindən bir neçə gün əvvəl gəlib. Avqust ayında o, Hindistanda hüquq-mühafizə orqanlarının tələbi ilə həbs edilib. Ekstradisiya ilə bağlı hüquqi prosedurlar ötən həftə başa çatıb və quldurun Hindistan hakimiyyətinə təhvil verilməsi üçün Dehlidən ilk xüsusi qrup Bakıya göndərilib.
Hindistan KİV-i iyulun 30-da axşam saatlarında xüsusi təyinatlı polisin ikinci dəstəsinin Azərbaycana gəldiyi barədə məlumat yayıb. Qrup komissar köməkçisi və iki əks-kəşfiyyat əməkdaşı da daxil olmaqla, dörd Hindistan polisindən ibarət idi. Ekstradisiya əməliyyatı birbaşa Dehli polisinin nəzarəti altında olub.
Mənbələr bildirib ki, Bişnoy İndira Qandi Beynəlxalq Hava Limanına çatdıqdan sonra səlahiyyətlilərə təhvil verilib.
Saçin Bişnoyun ən ağır cinayəti Pəncab əyalətindən olan siyasi fəal və repçi Musa Valanın öldürülməsidir. Musiqiçi 2022-ci il mayın 29-da, hakimiyyətin onun müdafiəsi ilə bağlı tədbirləri məhdudlaşdırmasından bir gün sonra güllələnib. 29 yaşlı repçi Pəncab əyalətindəki evindən qayıdarkən onun cipi 10-12 nəfərlik silahlı qrup tərəfindən pusquya salınıb. Quldurlar fəalın avtomobilinə atəş açıblar. Musa Vala və iki dostu çoxsaylı güllə yaraları alıblar. Musiqiçi yerindəcə dünyasını dəyişib.
Bir gün sonra isə Kanadada yaşadığı bildirilən hind mafiya başçısı Qoldi Brar qətlə görə məsuliyyəti öz üzərinə götürüb. Hindistanın xüsusi xidmət orqanları qətlin digər mafiya lideri, hazırda həbsdə olan Lourens Bişnoy tərəfindən sifariş edildiyini bildirir.
Saçin Bişnoy Lourens Bişnoyun qohumudur. O, Musa Valanı öldürməli olan qatilləri silahla təmin etdikdən və onlara göstəriş verdikdən sonra Tilak Rac Tuteji adına verilmiş pasportla Dehlidən Dubaya uçub. Oradan 2022-ci il mayın 31-də Bakıya gəlib. Daha sonra Bişnoy Facebook səhifəsində cinayətə görə məsuliyyəti üzərinə götürərək müğənninin qisas məqsədilə öldürüldüyünü bildirib.
Qeyd edək ki, Qoldi Brar və Lourens Bişnoyun dəstəsinin liderlərindən olan Rohit Qodara hələ də azadlıqdadır. Keçən il o da Azərbaycana gəlib və buradan Hindistanda sui-qəsdlər sifariş edib. Quldur daha sonra Dubaya qaçıb.