Meşəli soyqırımı hadisələri ilə bağlı beynəlxalq axtarışda olan və bir neçə gün əvvəl Laçın sərhəd-keçid məntəqəsində saxlanılan Ermənistan vətəndaşı Vaqif Xaçaturyan ailəsinə məktub göndərməkdən imtina edib.
“Sputnik Ermənistan” xəbər verir ki, bu barədə məlumatı onun qızı Vera Xaçaturyan açıqlayıb.
Vera Xaçaturyanın sözlərinə görə, ona bu barədə İrəvanda Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) ofisində keçirilən görüş zamanı məlumat verilib.
BQXK nümayəndələri qeyd edib ki, Vaqif Xaçaturyana ailəsi ilə əlaqə saxlamaq imkanı yaradılıb: “Mənə dedilər ki, atam bizə məktub yazıb göndərmək istəməyib”.
Xatırladaq ki, Vaqif Xaçaturyan bir qrup erməni hərbi birləşmələrinin tərkibində 1991-ci ilin 22 dekabr tarixində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törədib. O, keçirilmiş axtarış tədbirləri nəticəsində cari il iyulun 29-u BQXK-nın vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistana getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.