“Kembric”in məzunu Fərhad tanışlarına 2 milyon “atdı” - 10 il 6 ay həbs cəzası aldı

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi yekunlaşıb.

“Qafqazinfo” xəbər verir ki, 1990-cı il təvəllüdlü Fərhad Əliyev Cinayət Məcəlləsinin 178.4-cü (Dələduzluq- xüsusilə külli miqdarda) maddəsi ilə təqsirli bilinib. Məhkəmənin hökmü ilə ona 10 il 6 ay müddətinə həbs cəzası verilib.

Bildirilib ki, İngiltərədə 2010-2014-cü illərdə “Kembric” universitetində ali təhsil almış Fərhad Əliyev Bakıya qayıdandan sonra özəl şirkət yaradıb. O, daha sonra “Formula-1 Qran Pri” yarışlarında “VİP” zonalara biletlərin alınıb-satılmasını həyata keçirdiyini və bununla yüksək gəlir əldə etdiyini yalandan bildirərək bir neçə nəfəri aldadıb.Belə ki, F. Əliyev onlara bu işə sərmayə yatırımından sonra birlikdə daha yüksək məbləğdə gəlir əldə edəcəklərini yalandan vəd edib, həmin işə sərmayə qoymağa inandırıb. Bu yolla Fərhad tanışı olan şirkət rəhbəri Sərxan Məmmədovdan 2018-ci ildən etibarən hissə-hissə 1 milyon 153 min 263 min manat alıb. Eyni yolla 3 nəfərdən müvafiq olaraq 232.050, 187.102 və 51.000 manat alıb. Həmin şəxslər Fərhadın yüksək səviyyəli ali təhsil almasını, xaricdə yaxşı əlaqələrinin olmasını və sair amilləri nəzərə alaraq ona inanıb pulları verdiklərini deyiblər. Pulların böyük hissəsi dollarla verilib.

Məhkəmə zərərçəkmiş şəxslərin F.Əliyevə qarşı mülki iddialarını da təmin edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ