Xarici İşlər Nazirliyi, Azərbaycan Mətbuat Şurası və Medianın İnkişafı Agentliyi Azərbaycan ərazilərinə qanunsuz səfər etmiş bəzi xarici media nümayəndələrinin “qara siyahı”dan çıxarılması ilə bağlı bəyanat yayıb.
Bəyanatın mətnini bu gün XİN-də keçirilən brifinqdə Nazirliyin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə səsləndirib.
Bəyanatla 58 nəfərin adı XİN-in “qara siyahı”sından çıxarılır.
“Bu il Milli Mətbuatın yaranmasının 148 illiyi qeyd olunur. Azərbaycanda informasiya mühitində plüralizm mühiti əsas götürülür, yerli və xarici mətbuatın inkişafına hərtərəfli şərait yaradılır.
Mətbuatın xüsusən Azərbaycan-Ermənistan münasibətləri, xarici mənfi ideoloji təsirlərə qarşı danılmaz rolu var. Bu baxımdan xarici KİV-lərin Azərbaycana səfərlərinin təşkili əsas istiqamətlərdən biridir.
Bir sıra əcnəbi jurnalistlərin keçmişdə işğal altında olan ərazilərimizə səfər etdiyi, bir çox hallarda bu səfərlərin məlumatsızlıq nəticəsində baş verdiyi məlumdur. Bu səfərlərdə iştirak edən şəxs “arzuedilməz şəxs” kimi xarici vətəndaşların siyahısına daxil edilir. Bununla bərabər, hər il onlarla şəxs üzrxahlıq edərək adlarının siyahıdan çıxarılmasını istəyir”, - bəyanatda bildirilib.
Qeyd olunub ki, Milli Mətbuatın ildönümü və “Heydər Əliyev İli” ilə bağlı 58 xarici jurnalistin adlarının XİN-in "qara siyahı"sından çıxarılması barədə qərar qəbul edilib.
Qeyd edək ki, 58 jurnalist 15 ölkənin kütləvi informasiya vasitələrində çalışır.