Ukraynanın əks-hücumunun ilk iki həftəsində ölkənin Silahlı Qüvvələri hərbi əməliyyatlarda istifadə olunan Qərb tankları və zirehli transportyorları da daxil olmaqla, hərbi texnikanın 20 faizə qədərini itirib.
Bu barədə “The New York Times” ABŞ və Avropa rəsmilərinə istinadən yazır.
Nəşrin həmsöhbətlərinin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin xeyli itki verdiyi ilk zərbədən sonra Ukrayna hərbçiləri vəziyyəti qiymətləndirmək üçün hücumu ləngidiblər. Sonrakı həftələrdə Ukrayna komandanlığı taktikanı dəyişib və Ukraynanın döyüş itkiləri əhəmiyyətli dərəcədə azalıb, bu da USQ-nin qarşıdan gələn böyük zərbə üçün daha çox əsgər və texnika saxlamağa imkan verib.
Qəzetin yazdığına görə, hazırda Ukrayna Silahlı Qüvvələri arxadan raket və artilleriya zərbələri endirməklə Rusiya ordusunu yormağa çalışır. Eyni zamanda, hücumun tempi azalıb və bir sıra bölgələrdə tamamilə dayanıb.
“The New York Times” əks-hücumla bağlı nəticə çıxarmaq üçün hələ tez olduğunu yazır. NATO baş katibinin keçmiş köməkçisi Kamil Qrandın sözlərinə görə, Silahlı Qüvvələrin itkiləri və hücumun ləngiməsi əməliyyatın “uğursuzluğa məhkum” olması demək deyil.
“BBC News”a müsahibə verən Ukrayna prezidenti Volodimir Zelenski etiraf edib ki, Ukrayna Silahlı Qüvvələrinin hücumu “istəniləndən daha yavaş” gedir. Səbəblərdən danışan Zelenski qeyd edib ki, minalanmış sahələr də hücumu ləngidir - onun sözlərinə görə, rusiyalılar Ukrayna ərazisinin təxminən 200 min kvadrat kilometrini minalayıblar.
Ukraynanın baş naziri Denis Şmıxal “The Guardian” qəzetinə verdiyi şərhdə bildirib ki, Ukrayna Silahlı Qüvvələri hücuma hazırlaşdığı qədər rusiyalılar da müdafiəyə hazırlaşır, ona görə də Ukrayna qoşunlarının irəliləməsi gözləniləndən daha yavaş olur. O, həmçinin hücumun uğuruna şübhə etmədiyini əlavə edərək, bunun “vaxt alacağını” qeyd edib.