İşığın limiti nə qədər artırıla bilər?

Milli Məclisin son iclasında irəli sürülən təbii qaz və elektrik enerjisinə görə, əhaliyə qoyulan limitin artırılması təklifi qısa müzakirələrdən sonra öz töhfəsini verməyə başladı. Belə ki, irəli sürülən təklif müzakirə olunduqdan sonra əhaliyə qoyulan təbii qaz limiti 1700 kubmetrdən 2200 kubmetrədək artırıldı. Ancaq təklifdə təbii qazla yanaşı qeyd olunan elektrik enerjisi barədə hələ də yekun rəsmi qərar verilməyib. Hazırki durumda əhaliyə qoyulan elektrik enerjisi limit aylıq 300 kilovat-saat üçün 7 qəpik, 300 kilovat-saatdan çox olan hissə üçün isə 11 qəpikdən hesablanır. Ekspertlər təbii qaz limitinin artırılmasını şərh edərkən, mövcud şəraitin buna imkan verdiyini bildirmişdilər. 

Bəs görəsən elektrik enerjisinə görə qoyulan limitin də artırılması mümkündürmü? Azərbaycanın hazırki enerji potensialı buna imkan verirmi?


Təbii qaz limitinin artırıldığı vaxt “Azərenerji”dən bildirilmişdi ki, hər hansı bir tapşırıq verilsə işığa görə qoyulan limit də artırılacaq. Artıq bəzi mənbələrdə işığa görə təyin olunan limitin artırılması üçün hökumət tərəfindən işlər aparıldığı barədə məlumatlar yayılıb.

Deputat Fazil Mustafa bu barədə işlərə başlanıldığını, lakin yekun nəticənin necə olacağının çətin olduğunu bildirib. 

Onun sözlərinə görə, dəqiq deyil ki, işığa qoyulan limit artırılacaq yaxud ləğv olunacaq. 

Qarşıdan yayın gəlişi ilə əlaqədar kondisionerlərdən istifadə olunacağını və buna görə də limitin keçilməsini qaçılmaz hesab edən millət vəkili, əhali tərəfindən borcların yaranmaması üçün yekun qərarın verilməsinin vacibliyini bildirib. Fazil Mustafa əsasən də qazdan istifadə etməyən və ya qaz təchizatında problemlər olan ərazi sakinlərinin məcbur elektrikdən istifadə etmələrini də xatırladaraq, bütün bunların nəzərə alınmasını qeyd edib. Əhalinin qidalanmağa, sağlamlığa pulunun qalmalı olduğunu deyən deputat, əməkhaqqları yetərli olmayan ailələri və işsizləri misal gətirərək qeyd edib ki, hökumət bu baxımdan vətəndaşın durumunu nəzərə almalıdır.

Bəs görəsən elektrik enerjisinə görə qoyulan limitin də artırılması mümkündürmü? Azərbaycanın hazırki enerji potensialı buna imkan verirmi?

Buta.media xəbər verir ki, iqtisadiyyat.Az-ın bu sualına iqtisadçı ekspert Rəşad Həsənov aydınlıq gətirib: 

“Ölkədə işığa qoyulan limitin artırılması üçün imkanlar kifayət qədərdir. Çünki Aərbaycan elektrik enerjisi istehsalını Respublika üzərində qurmuş bir ölkədir. Xüsusən də son illərdə elektrik enerjisi istehsalının təbii qaz vasitəsilə həyata keçirilməsi bu istiqamətdə həm maya dəyərinin aşağı salınmasına, həm də effektivliyin artırılmasına gətirib çıxarır. Əsas məsələ ondan ibarətdir ki, istənilən halda limitin artırılması birbaşa olaraq dövlət büdcəsi üzərində əlavə yük formalaşdıraraq hər hansı bir subsidiyanın alınmasına hədəflənməli deyil”.

Rəşad Həsənov “Azərenerji” ASC-də şəffaflığın artırılmasının vacib olduğunu vurğulayıb və limitin ən azı 500-600 kilovata qaldırılmasının mümkünlüyünü bildirib: 

“Bu qurumların fəaliyyətində şəffaflıq artırılmalıdır. 2018-ci ilin iyulunda Mingəçevir SES-də baş verən hadisə də onu göstərdi ki, sistemdə qeyri-şəffaflıq, səmərəsizlik və korrupsiya olub. 6-7 milyard investisiya yatırılan sahə demək olar ki, özünü doğrultmadı. Hazırda da mən düşünmürəm ki, bu sahədə çox ciddi irəliləyişlər əldə olunub. Çox ciddi nöqsanlar qalmaqdadır. İtkilərin azaldılması və korrupsiyanın aradan qaldırılması “Azərenerji”nin, “Azərişıq”ın effektiv və mənfəətlə fəaliyyəti üçün şərait yaradır. Bu da əhaliyə qoyulan limitin tamam ləğv olunmasına yaxud da bir ailə üçün 300 kilovatdan ən azı 500-600 kilovata qədər artırılmasına imkan verir”.

Qeyd edək ki, ölkə Prezidentinin elektroenergetika sahəsinə yönəlik strategiyasına uyğun olaraq Azərbaycan elektrik enerjisi idxal edən ölkədən, ixrac edən ölkəyə çevrilib. Artıq Azərbaycan uzun müddətdir ki, Rusiya, Gürcüstan və İrana elektrik enerjisi ixrac edir. May ayının 1-dən etibarən isə “Azərenerji” ASC Gürcüstan və Türkiyədən tranzit etməklə Yunanıstana, anoloji olaraq Gürcüstan, Türkiyə və Bolqarıstan tranzit etməklə Rumınya və Macarıstana da elektrik enerjisi satışına başlayıb. Qarşıdakı aylarda isə “Azərenerji” ASC Avstriya və İtaliyaya da elektrik enerjisi ixrac etməyi planlaşdırıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ