Azərbaycandan Almaniyaya 1400 həkim gedib - Bu çox düşündürücüdür

“Azərbaycandan sadəcə Almaniyaya 1400 həkimin getməsi çox düşündürücüdür. Bu sayın zamanla artacağı da dəqiqdir”.

Bu barədə tanınmış kardioloq Üzeyir Rəhimov sosial şəbəkə hesabında paylaşım edib.

O qeyd edib ki, buna səbəb olacaq bir çox faktorlar var: 

“Təhsil aldıqları universitetdəki və ya daha sonra çalışmağa başladıqları yerlərdəki aldıqları psixoloji travmalar, güvənli həkim haqlarını qoruyan, həkim və pasiyent əlaqələrini tənzimləyən qaydaların olmaması və bu barədə ümumiyyətlə düşünülməməsi, maddi rifah və mənəvi əminliyin olmaması sayıla bilər. Yəqin ki heç kəs vətənini buraxıb getmək istəməz. Gedənlər bir şey itirdilərmi? Xeyr, tam tərsi, gələcəklərini güvənə aldılar və məsləki olaraq işlərindən zövq alacaqlar. Üzücü olsa da, ora gedən məsləkdaşlarım adına sevinirəm. Heç olmasa 1400 həmyerlim həkim rahat olacaq və lazım olduğunda buradakı gənc məsləkdaşlarımıza da indiyə qədər etdikləri kimi yardım edəcəklər. 12 il xarici ölkədə tibb təhsili alıb vətənə qayıdan biri olaraq çox şey yaza bilərəm”.

Qeyd edək ki, daha əvvəl Almaniyanın Bad Salzungen Xəstəxanasının Qulaq, burun, boğaz xəstəlikləri və üz plastik cərrahiyyə klinikasının şöbə müdiri Cavid Hüseynzadə də Azərbaycandan Almaniyaya gedən həkimlərlə bağlı paylaşım etmişdi.

Belə ki, Almaniya Tibb Assosiasiyasının 2022-ci ilin dekabrına olan nəticələrə əsasən, Almaniyada 421 000 həkim işləyir. Bunun 14 faizdən çoxu - 60 minə yaxını Almaniyaya başqa ölkələrdən gələnlərdir. Ötən ilin məlumatına əsasən, bu ölkədə azərbaycanlı həkimlərin sayı isə 1359 nəfər olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ