Prezidentin tənqid etdiyi nazir Söyüdlüdəki vəziyyəti açıqladı

Söyüdlüdə tullantı su anbarı ilə bağlı müvafiq sənədlər aidiyyəti qurumlarla razılaşdırılmayıb, Fövqəladə Hallar Nazirliyinə təqdim edilməyib.

Bunu ekologiya və təbii sərvətlər naziri, Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılan Komissiyanın sədri Muxtar Babayev bildirib.

Muxtar Babayev deyib ki, mövcud tullantı anbarının istismar müddəti 3 aydan çox olmadığı, həmçinin ikinci anbarın tikintisinə razılıq verilmədiyi nəzərə alınaraq, istismarçı şirkətlə görüşdə də bu məsələlər səsləndirilib:

“Şirkətə istismarın müvəqqəti dayandırılması təklif olunub. Bu barədə razılıq əldə olunub və bu barədə Nazirlər Kabinetinə təklif veriləcək”.

Komissiya sədri əlavə edib ki, beynəlxalq şirkətə Söyüdlüdə tullantı anbarında qiymətləndirmə aparması təklif olunub və iyulun sonunda həmin şirkət tərəfindən bu işlərə başlanılacağı gözlənilir.

Nazirin sözlərinə görə, Söyüdlüdə mədənin istismarında müasir avadanlıq və texnologiyaların tətbiqi təklif edilib:

“Eyni zamanda, mövcud anbarın reabilitasiyası ilə bağlı da texniki təklif hazırlanacaq. İstismarçı şirkətin sosial-korporativ layihələri ilə bağlı şirkətə ciddi iradlar tutuldu”.

Muxtar Babayev həmçinin bildirib ki, əgər Söyüdlüdə istismarçı şirkət tərəfindən lazımi işlər görülməsə, pay bölgüsü ilə bağlı daha sərt addımların atılmasına başlanacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ