"Gədəbəy rayonunda baş vermiş hadisə tamamilə qəbuledilməzdir" - Prezidentdən sərt tənqid

“Gədəbəy rayonunda baş vermiş hadisə tamamilə qəbuledilməzdir. Mən hesab edirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ən azı səhlənkarlığa yol verib, nəzarətsizlik nümayiş etdirib, passiv müşahidəçi kimi çıxış edib və bunun nəticəsində xarici investor bizim təbiətimizi zəhərləyib”.

Bu barədə Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bildirib.

“İnsanlar haqlı olaraq öz etiraz səsini ucaldıblar, amma onların səsinə baxan olub? Yox! Bir gün, iki gün, üç gün, beş gün, hara baxırdı Ekologiya və Təbii Sərvətlər Nazirliyi? Bilmirdimi ki, belə problem var? Ya bilirdi gözünü yumurdu, ya da bilmirdi. Hər ikisi qəbul edilən deyil. Düzdür, vətəndaşların bir hissəsi təxribatçıların fitnəsinə uyaraq ədəbsiz hərəkətlər ediblər, qanunsuz hərəkətlər ediblər və bu da dözülməzdir, qəbuledilməzdir. O təxribatçıların bəziləri Azərbaycanda, bəziləri xaricdə gizlənir. Azərbaycandakılar artıq müəyyən edildi və bir neçəsi məsuliyyətə cəlb olunmuşdur. Xaricdəkiləri də biz məsuliyyətə cəlb edəcəyik. Heç kim, necə deyərlər, fikirləşməsin ki, biz bunu unutmuşuq.

"Kabinetində müşavirə keçirilib, orada açıqlama verilib. O açıqlamanı oxuyan heç nə başa düşə bilməz ki, orada nə deyilib və o açıqlamanın məqsədi nə idi? İşi malalamaq, yaxud da ki, hansısa belə ümumi sözlərlə bu məsələyə diqqət yetirmək. Mən konkret tapşırıq vermişdim, konkret. Hanı ekspertizanın nəticələri? Nə qədər vaxt keçib? Bir aya yaxın vaxt keçib. Heç kim mənə məruzə etmir - Nazirlər Kabineti etmir, Ekologiya və Təbii Sərvətlər Nazirliyi etmir. Hesab edirlər ki, mən bunu unutmuşam. Yox, mən heç nə unutmuram.

Ona görə mən tapşırıram, bir həftə vaxt verirəm, həm mənə, həm ictimaiyyətə məlumat verilməlidir və məsələ araşdırılmalıdır. Orada təbiətə, insanların sağlamlığına zərrə qədər təhlükə varsa, o fəaliyyət dayandırılmalıdır. Vəssalam!" - dövlət başçısı bildirib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ