“Zəlzələdən əvvəl səs eşidildi“ - sakinlər danışdı

Xəbər verdiyimiz kimi, Xəzər dənizində 5,7 bal gücündə zəlzələ baş verib. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Zəlzələ ocağı 20 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar Bakı və digər şəhərlərdə də hiss olunub.

Məlumata əsasən, yeraltı təkanların episentri Xaçmaz rayonundan 80 kilometr şimal-şərqdə, ocağı isə 20 kilometr dərinlikdə yerləşib.

Xaçmaz sakini Aydan Dəmirli Metbuat.az-a açıqlamasında bildirib ki, zəlzələni hiss edən kimi küçəyə qaçıblar.

“Uşaqlar yatmışdı, bir anda evin silkələndiyini hiss etdik. Divarlar sanki üzərimizə gəlirdi. Tez həyətə qaçdıq. Mən ömrümdə belə zəlzələ hiss etməmişdim”.

Xaçmaza Bakıdan dincəlməyə gələn Sevil Fərzəliyeva da zəlzələni hiss edənlərdən olub.

“Biz çox qorxduq. Oğlumu götürüb həyətə qaçdım. Zəlzələ hiss olunacaq qədər güclü idi. Zəlzələdən əvvəl səs eşidildi, elə bildim güclü yağış yağır. Amma yağış deyildi. Hazırda sakitlikdir amma qorxudan evə çıxa bilmirik”.

Qeyd edək ki, FHN-dən verilən məlumata görə, zəlzələ ilə əlaqədar olaraq, dağıntı və təlafat barədə məlumat daxil olmayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ