Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Tbilisi şəhər məhkəməsinin 2007-ci ildə keçirilən mitinqin dağıdılması işi üzrə iclasında distant iştirak edib.
Məhkəmə iclası yerli vaxtla saat 15:00-da başlayıb. Saakaşvili məhkəmə zalında quraşdırılmış ekranda ötən ilin dekabrından, onun vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı müraciətə baxılandan sonra ilk dəfə çıxış edib.
Gürcüstanda Saakaşviliyə qarşı dörd cinayət işi başlanıb, onlardan ikisi üzrə siyasətçi qiyabi olaraq üç və altı il həbs cəzasına məhkum edilib. 2007-ci il noyabrın 7-də müxalifətin mitinqinin dağıdılması, Gürcüstanın “İmedi” teleşirkətinin ofisinin dağıdılması və təxminən 9 milyon lari (2,9 milyon dollardan çox) məbləğində dövlət vəsaitinin mənimsənilməsi ilə bağlı işlər üzrə məhkəmə prosesləri davam edir. Saakaşvili vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə ittiham olunur, onu 5 ildən 8 ilə qədər həbs gözləyir. Vəkillərin sözlərinə görə, eks-prezident mitinqin dağıdılması ilə bağlı göstəriş verməyib.