Söyüdlüdə hazırda nə baş verir?

Gədəbəy rayonunun Söyüdlü kəndinin ətraf yollarında polis postları qalmaqdadır. Hökumət komissiyası isə monitorinqləri davam etdirir. 

“Polislər yalnız kənd sakinlərini kəndə buraxır. Sənədlrərimiz yoxlandıqdan sonra kəndə daxil ola bilirik”, - deyə adının çəkilməsini istəməyən kənd sakini Turan-a bildirib.

Onun sözlərinə görə, kəndin içində polis yoxdur və son günlər yeni həbslər olmayıb.

“Əvvəlki günlərdə həbs edilən on nəfərdən isə heç kim hələ azadlığa buraxılmayıb”, - deyə o qeyd edib.

Sakinin sözlərinə görə, qızıl mədəninin kimyəvi təmizləmədən sonra axıdılan turşu qalıqlarının toplandlığı gölməçə ətrafında işlər dayandırılmayıb və oradakı texnikalar əvvəlki kimi işlərini davam etdirir.

Hökumət komissiyasına gəlincə, komissiya üzvləri hər gün kəndə gəlib müəyyən işlər gördükdən sonra günün sonunda gedirlər. Yerli sakinlər isə hesab edirlər ki, komissiya üzvləri dərindən araşdırma aparmaq üçün gölün sahilində çadır qurub bir neçə həftə orada qalmalıdırlar. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, hökumət komissiyası bayram günləri də daxil olmaqa, Söyüdlü kəndində işlərini davam etdirib.

“Mütəxəssislər hazırda da kənd ərazisində monitorinqləri davam etdirir. Torpaqdan, sudan, havadan analizlər aparılması üçün nümunələr götürülür”, - deyə mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ