“Vaqner” ÖHŞ-nin rəhbəri Yevgeni Priqojinin mətbuat xidməti hərbi qiyamın ilkin şərtləri və nəticələri ilə bağlı 11 dəqiqəlik bəyanat dərc edib. Bu, üsyan bitdikdən sonra iş adamının ilk açıqlamasıdır.
“İntriqalar, düşünülməmiş qərarlar nəticəsində bu bölmə 2023-cü il iyulun 1-də fəaliyyətini dayandırmalı idi. Bütün məlumatları döyüşçülərə çatdıran komandirlər şurası toplandı: heç kim Müdafiə Nazirliyi ilə müqavilə bağlamağa razı olmadı. Çünki hamı bilir ki, bu, döyüş qabiliyyətinin tamamilə itirilməsinə gətirib çıxaracaq. Təcrübəli döyüşçülər, təcrübəli komandirlər ləkələnəcək və əslində “ət” kimi irəli göndəriləklər”, - Priqojin deyib.
Onun sözlərinə görə, döyüşçülərin 1-2%-i Müdafiə Nazirliyinin tabeliyinə keçməyə razılaşıb. Priqojin həmçinin bildirib ki, qiyam zamanı bir neçə “Vaqner” muzdlusu yaralanıb. Üsyançıların tərəfinə keçən iki hərbçi həlak olub.
“Vaqner” təsisçisi həmçinin qeyd edib ki, kampaniyanın məqsədi “Vaqner” ÖHŞ-nin məhv edilməsinin qarşısını almaq, qeyri-peşəkar hərəkətləri ilə müharibə zamanı çoxlu sayda səhvlərə yol vermiş bütün şəxslərin məsuliyyətə cəlb edilməsi idi.
Priqojin iddia edir ki, ÖHŞ guya iyunun 30-da silahları yerə qoymağa hazırlaşırdı, lakin onlar gözlənilmədən hücuma məruz qalıblar və “Vaqner”in 30 muzdlusu ölüb.
“24 fevral 2022-ci il tarixinin necə görünməsi ilə bağlı master-klass göstərdik. Mövcud rejimi və qanuni yolla seçilmiş hökuməti devirmək məqsədimiz yox idi. Rus əsgərlərinin qanını tökməmək üçün geri döndük”, - Priqojin deyib.
O vurğulayıb ki, yerli sakinlər muzdluları böyük həvəslə qarşılayıb, çünki onların problemləri, o cümlədən korrupsiyanı həll edəcəklərinə ümid edirlər.
“Vaqner”in yaradıcısı həmçinin əlavə edib ki, onun döyüşçüləri bir gündə 700 km-dən çox yol qət ediblər, lakin eyni zamanda “rus əsgərləri”nin qanını tökmək istəməyiblər. O, iddia edir ki, qiyam zamanı bir nəfər də olsun əsgər həlak olmayıb. Eyni zamanda, Priqojin “vaqnerçilər”in hava qüvvələrinə zərbələr endirmək məcburiyyətində qalmasından təəssüfləndiyini bildirib.
Priqojinin sözlərinə görə, Lukaşenko əlini uzadıb və hüquqi yurisdiksiyada ÖHŞ-nin gələcək işi üçün həll yolları tapmağı təklif edib.
Bundan əlavə, o qeyd edib ki, “Ədalət marşı” bütün Rusiya üzrə ən ciddi təhlükəsizlik problemlərini göstərib.