Azərbaycanda qida təhlükəsizliyi sahəsində vəziyyət bərbad olaraq qalır. Bu problem Novruz bayramı günlərində, əhalinin bayram süfrəsi üçün bazarlara axın etdiyi bir vaxtda xüsusilə aktuallaşır.
Virtualaz.org-un əməkdaşları Bakının “Vosmoy bazarı” kimi tanınan, Nizami rayonu, Naxçıvanski küçəsindəki bazara baş çəkib, satışda olan ət məhsullarının mənşəyini, baytar nəzarətindən keçib-keçmədiyini öyrənməyə çalışıb.
Bəlli olub ki, satışdakı ət, yaxud balıq və toyuqların böyük hissəsi baytar nəzarətindən keçmir, üstəlik nə təmizliyə, nə də ətin satış və saxlama qaydalarına riayət edilmir.
Avtobus dayanacaından beşmərtəbəli binalara qədər uzanan, insan kütləsinin qaynaşdığı küçə boyu piştaxta arxasında, arabalarda, yaxud yerə sərilmiş kağız torbaların üstündə ət, mal baş-ayağı, balıq, yaxud toyuq satışı bu bazarda adi mənzərədir.
Bir qədər irəlidəki, paltar satış yarmarkasının yanındakı “ucuz ət bazarı” kimi tanınan bazara baş çəkirik. Burada mal əti 5-6 manata, qoyun əti 9, quzu əti olduğu deyilən ət isə 12 manatdan təklif edilir. Ayrıca satışda mal ayağı, içalatı, mal dili də var.
“Ət bir az gec bişir, sonra söyüş yiyəsi olmayım. Mən özüm də təzə alverə başlayanda bir dəfə buradan ət aldım, elə o vaxtdan da tövbə elədim. Qoca inək əti ilə yanaşı, xəstə, dişi qoyun ətini də quzu əti adı ilə sırıyırlar. Onu da aparıb bişirəndə yağın donmasından bilmək olur, baxanda başı çıxmayan adam ayırd edə bilmir”, - satıcı bildirir.
Elə həmin satıcıdan öyrənirik ki, satışdakı ət dana əti deyil, bir neçə bala vermiş, qocalıb-əldən düşən heyvanlardır. Hansı ki, bu heyvanlara qulluq etmək sərfəli deyil, heyvanın ölümünü gözləməkdənsə kəsib satmaq sərfəlidir. Amma ətlər gündəlik möhürlənir, sadəcə səliqə-səhmanla, saxlama şəraiti ilə çox da maraqlanan yoxdur, bu məsələ satıcının insafına qalır.
Bazarın balıq satılan cərgəsinə isə üfunət iyindən yaxınlaşmaq mümkün deyil.
Diri balıqları saxlamaq üçün cərgə ilə düzülən çirkli vedrə və ləyənlər isə natəmizlik yaradır. Bu natəmizlikdən “təmiz” balıq almaq istəyənlər isə aldıqları balığın içalatını elə oradaca təmizlədirlər. Satıcılar tərəfindən yerindəcə təmizlənən balıq içalatı su ilə müştərilərin gəlib getdiyi yola axıdılır.
Ağartı məhsulları üçün yeri metlax və müvafiq şüşə vitrinlər quraşdırılmış xüsusi şöbə ayrılsa da, onlar daha çox görüntü üçün qoyulmuş kimi görünür. Burada süd, qatıq ətə, içalat göy-göyərtiyə qarışıb. Pendirin suyu heyvan qanına qarışaraq yerə töküldüyündən metlaxın üzərində hərəkət etmək mümkün deyil.
Bu, Bakının əsas bazarlarından birində illərdir hökm sürən vəziyyətdir və orada qida təhlükəsizliyinin heç əlifbasından da söhbət gedə bilməz.